Bakı Hərbi Məhkəməsinin hökmü tarixi ədalətin təntənəsidir - RƏY


  • 17:36

"Azərbaycan dövləti xalqımıza qarşı ağır və qanlı cinayətlər törətmiş şəxsləri ədalət mühakiməsi qarşısına çıxararaq onların layiq olduqları cəzaya məhkum edilməsini təmin etdi".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Bakı Hərbi Məhkəməsində hərbi cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşlarına hökm oxunması ilə bağlı danışarkən bildirib.

Deputat qeyd edib ki, bu hadisə tarixi ədalətin bərqərar olmasının bariz nümunəsidir: "Azərbaycan tarixə öz ədalətli qərarını yazdı. Bu, ikinci "Nürnberq prosesi" kimi tarixə düşəcək. Bu, erməni millətçilərinə, eləcə də Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətləri himayə edən qüvvələrə ciddi mesaj oldu. Hesab edirəm ki, bu proses digər dövlətlər üçün də mühüm presedent yaradır. Azərbaycan kimi ağır cinayətlərlə üzləşmiş dövlətlər də cinayətkara qarşı hüquqi müstəvidə necə mübarizə aparmağın nümunəsini gördülər".

A.Mirzəzadə vurğulayıb ki, Azərbaycan məhkəməsi qarşısında cavab verməli olan şəxslərin sayı bununla bitmir: "Hazırda Ermənistanda və digər ölkələrdə gizlənən xeyli şəxs var. Gec-tez onlar da Azərbaycan məhkəməsi qarşısında cavab verəcək və layiqli cəzalarını alacaqlar. Bu şəxslər arasında Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və digərləri də var. Hesab edirəm ki, bu cəlladlar tərəfindən qətlə yetirilmiş azərbaycanlıların ruhu bu gün şaddır".

Deputat həmçinin bildirib ki, bu məhkəmə prosesi dövlətimizin gücünü və öz hüquqlarını qoruya bilmək əzmini bir daha nümayiş etdirdi: "Biz həm Vətən müharibəsi dövründə, həm də ondan sonra ciddi təzyiqlərlə üzləşdik. Məhkəmə prosesi zamanı belə Azərbaycana məhkəməni dayandırmaq və cinayətkarları cəzasız buraxmaqla bağlı çağırışlar edilirdi. Lakin Azərbaycan bütün bu təzyiqlərə sinə gərərək prosesi hüquq və ədalət çərçivəsində sona çatdırdı. Dünya bilməlidir ki, cinayətkar gec-tez öz cəzasını alır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər