- 12:49
“QHT işi” üzrə ittiham olunan ABŞ-nin “German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları yoxlanılıb.
M. Rəhimlinin vəkili vəsatətlə çıxış edərək cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edib.
Vəkilin vəsatəti təmin edilməyib.
İşin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib. Baxış iclası 25 fevral tarixinə təyin edilib.
Qeyd edək ki, Mehriban Rəhimli Baş Prokurorluqda “QHT işi” ilə bağlı başladılan cinayət işi çərçivəsində ötən ilin mart ayında istintaqa cəlb olunub. Onun barəsində istintaq müddətində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308.2, 313(vəzifə saxtakarlığı) və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Humay Eminqızı