Perinatal Mərkəzdəki yanğınla bağlı məhkəmə keçirildi


  • 16:32

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi iclasda məhkəməyə iki zərərçəkəndən ərizə daxil olduğu bildirilib.

Belə ki, ərizədə bir zərərçəkən təqsirləndirilənlərə qarşı şikayət və tələbinin olmadığını, digəri isə yalnız təqsirləndirilən Mehriban Abasquliyevaya qarşı şikayət və tələbinin olmadığını bildirib.

Sonra prosesdə M.Abasquliyeva ifadə verib. O deyib ki, 27 dekabr 2022-ci ildə Perinatal mərkəzə direktor təyin edilib: "Mərkəzdə yanğın baş verənə qədər vəzifədə olmuşam. Yanğın hadisəsi baş verən gecə təcili yardım şöbəsindən mənə zəng elədilər, yanğın olduğunu bildirdilər. Mən də hadisə barədə TƏBİB-in icracı direktoruna və yanğınsöndürənlərə zəng etmişəm. Onlar artıq əraziyə yanğınsöndürülənlərin cəlb olunduğunu deyiblər. Mən ora gedəndə xəstələrin və əməkdaşların təxliyəsi ilə məşğul olmuşuq. Hadisə yerinə TƏBİB-in icraçı direktoru da gəlmişdi. Prokurorluq əməkdaşları hadisə yerinə gələrək məndən sənədlər tələb etdilər. Sonra prokurorluq əməkdaşları məndən istintaq idarəsinə gəlməyi tələb etdilər. Mən və mərkəzin 15-ə yaxın əməkdaşı Baş Prokuroluğun İstintaq İdarəsinə ifadə verməyə getmişik. Hadisə zamanı keçirdiyim stress və yorğunluq səbəbindən ifadə verə bilməmişəm, mənə verilən sənədlərə imza atmışam. Həmçinin orada olan zaman vəkillərimlə də əlaqə saxlaya bilməmişəm".

M.Abasquliyevanın sözlərinə görə, daha sonra yenidən Baş Prokuroluğun İstintaq İdarəsinə çağırılıb və ona dövlət hesabına vəkillə təmin edildiyi bildirilib: "Öz vəsaitimlə vəkil tutmağa imkanım olsa da, məni dövlət hesabına vəkillə təmin etdilər. Sonra cinayət məsuliyyətinə cəlb olundum. O zaman səhhətim yaxşı deyildi, ona görə təqdim edilən hər bir sənədə imza atmışam. Mən 30 il səhiyyə sistemində çalışmışam. Barəmdə seçilən ev dustaqlığı və vəzifədən kənarlaşdırma tədbirlərindən sonra bu qərar şikayət verən zaman şəxsi hesabıma tutduğum vəkillərlə əlaqə saxlaya bilmişəm".

M.Abasquliyeva deyib ki, onunla bağlanan əmək müqaviləsində yanğın təhlükəsizliyi ilə bağlı öhdəlik olmayıb. O, həmçinin əlavə edib ki, yanğının elektrik yuvasından deyil, küvəzdən başladığı da otaqda olan kameradan aydın görünür.

"Küvəzlərə mütəxəssilər baxış keçirməyiblər. Küvəzdə baş verən nasazlıq səbəbindən yanğın baş verib. Nasazlıq 3 ay əvvəl də, 3 saat əvvəl də baş verə bilər. Mən evimdə olan zaman küvəzdə nasazlığın baş verdiyini haradan bilim? Yenidoğulmuşların intensiv terapiya şöbəsində həkimlər xüsusi geyimlərdən istifadə edirlər, mən isə mərkəzdə adi formada olurdum. 439 nəfərin əvəzinə yalnız mən işləməli deyildim. Mənə qarşı irəli sürülən ittihamda deyilir ki, yanğının söndürülməsində iştirak edən 4 nəfərin sağlamlığına yüngül zərər vurulub. Qeyd edim ki, ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunma tətbiq edilmir", - M.Abasquliyeva söyləyib.

M.Abasquliyava əlavə edib ki, Perinatal Mərkəzdə artıq təmir işləri başa çatsa da, yanğın təhlükəsizliyi tələbinə cavab vermədiyi üçün fəaliyyətə başlamayıb: "Əgər, bu müddət ərzində mərkəzdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlər həll edilə bilməyibsə, bunu mən necə edə bilərdim ki? Mərkəzin məndən əvvəlki direktoru Məryəm Rzayevanın da məsuliyyətini mənim üzərimə atırlar. Bu işlər də o da məsuliyyət daşısa da, cinayət məsuliyyətinə cəlb olunmayıb".

M.Abasquliyevanın sözlərinə görə, yanğın təhlükəsziliyi ilə bağlı hər hansı bir öhdəliyi olmasa da, Perinatal mərkəzdə bu məsələdən irəli gələn problemləri də aradan qaldırıb: "Məryəm Rzayevanın direktor olduğu vaxtda təxliyə pilləkəni zibil yeri kimi istifadə olunurdu və oraya yanan materiallar yığılmışdı. Mən vəzifəyə təyin ediləndə həmin yeri təmizlətdirmişəm".

M.Abasquliyeva ifadəsini 25 fevral tarixində davam etdirəcək.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Humay Eminqızı

Oxşar xəbərlər