Dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi: "Tanımadığın adama niyə pul verirsən?"


  • 16:57

Vətəndaşların xüsusilə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Cahangir Qəmbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Zərərçəkmiş Aqif Əhmədov 2023-cü ilin iyun ayında Əhməd Mütəllimov adlı tanışı ona zəng edərək Caghangir Qəmbərova 2 min dollar lazım olduğunu deyib: “Əhməd dedi ki, pul mənə 1 aya geri veriləcək. Mən pulu ona manatla verə biləcəyimi dedim. Cahangirə ümumilikdə 3400 manat pul vermişəm. Məbləğ mənə hələ də qaytarılmayıb".

C.Qəmbərov A.Əhmədovdan dəfələrlə pul aldığını, lakin zərərçəkmişin ifadəsində qey etdiyi məbləği götürmədiyini deyib.

Zərərçəkmiş bildirib ki, Ə.Mütəllimov daha əvvəllər də ondan kiməsə pul verməyini istəyib və həmin pullar sonradan geri qaytarılıb.

Məhkəmə iclası zamanı C.Qəmbərovun vəkili Şaiq Mirzəyev zərərçəkmişə bir sıra suallar ünvanlayıb.

Vəkil Cahangirin şəxsən ona zəng edərək pul verməsini istəyib-istəmədiyini soruşub. A.Əhmədov cavabında Cahangirin ona zəng etdiyini və pul verməli olduğunu bildirdiyini deyib.

Vəkil niyə tanımadığı şəxsə pul verdiyini və Ə.Mütəllimovun pul tələb etdiyi halda niyə tələbin birbaşa Ə.Mütəllimova yönəldilmədiyini soruşub. A.Əhmədov izah edib ki, Ə.Mütəllimovdan pulu geri tələb etdikdə, Ə.Mütəllimov C.Qəmbərovun ona da borcu olduğunu bildirib və barəsində şikayət etməsini tövsiyə edib.

Daha sonra vəkil Ş.Mirzəyev C.Qəmbərov barəsində şikayətin hara edildiyini soruşub. Zərərçəkən ifadəsində qeyd edib ki, Nərimanov Rayon Polis İdarəsinə onun barəsində şikayət ərizəsi ilə müraciət edib. Həmçinin Ə.Mütəllimovun da bu barədə şikayət verdiyini ona bildirdiyini qeyd edib.

Bundan əlavə, təqsirləndirilən şəxsin sualına cavab olaraq zərərçəkən Baş Prokurorluğa da elektron qaydada şikayətlər ünvanladığını deyib.

C.Qəmbərov zərərçəkmiş A.Əhmədova ondan şikayət etdiyi halda nəyə görə bir dəfə belə zəng edib pulunu istəmədiyini soruşanda zərərçəkmiş cavabında nömrəni tapa bilmədiyini deyib.

C.Qəmbərov zərərçəkənə məbləğ mövzusunda yalan danışdığını söyləyib.

Daha sonra şahid qismində ifadə verən Rəfail İsmayılov C.Qəmbərovla əməkdaşlıq münasibətlərinin olduğunu bildirib. O, fəaliyyət göstərdiyi sex üçün zəruri olan PVC materiallarını təqsirləndirilən şəxsdən aldığını qeyd edib. Ödənişlərin konkret məbləğini xatırlamadığını bildirən şahid, aralarında hər hansı mübahisə və ya narazılıq yaranmadığını vurğulayıb.

Şahid əlavə edib ki, təqsirləndirilən şəxs ona malları nisyə də verib: "Aramızda problem olmayıb. Sağ olsun, nisyə mal verirdi. Mən ona borclu qala bilərdim, amma o mənə borclu olmayıb".

Şahid ibtidai istintaqa verdiyi ifadədə bildirib ki, alış zamanı 15 100 manat ödəniş edib.

Məhkəmənin növbəti iclası 18 fevral tarixinə təyin edilib.

Qeyd edək ki, C.Qəmbərov Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilir. O, Liliya Talxanovna Mixiyevanın 136 min manatını, Tamerlan Rəşidovun 581 min 436 manatını, Aqif Əhmədovun 3400 manatını, Hacıbala Məlikovun 2400 manatını, Əhməd Mütəllimovun isə 1 milyon 470 min 751 manatını ələ keçirməkdə ittiham olunur.

Humay Eminqızı

Oxşar xəbərlər