- 10:20
Əlillik pensiyası düzəltmək adı ilə külli-miqdarda dələduzluq etməkdə təqsirləndirilən Samirə Mirzəyevanın digər epizod üzrə məhkəməsinin növbəti prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib.
O, S. Mirzəyevaya Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə cəlbetmə müddəti keçdiyinə görə həmin maddə üzrə cəza təyin edilməməsini, digər maddələr və ona təyin olunmuş cəzaları qismən toplayaraq 8 il 6 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib.
Məhkəmənin növbəti iclası 20 fevral tarixinə təyin edilib.
Qeyd edək ki, Samirə Mirzəyeva sosial təminat məsələlərinə köməklik göstərilməsi adı altında vətəndaşların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. O, əlillik dərəcəsinin təyini, bərpası və güzəştli sosial mənzillərin verilməsinə köməklik göstərilməsi ilə bağlı vədlər verib.
O, daha öncə digər 13 zərərçəkən şəxsə qarşı 700 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. S. Mirzəyevanın digər epizod üzrə təqsirləndirilməsinə dair cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə), 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma)maddələri ilə ittiham irəli sürülüb.
Humay Eminqızı