- 14:18
Biləsuvarda qonşunun azyaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Emin Babayev (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az xəbər verir ki, hadisə ötən ilin oktyabr ayında Biləsuvar rayonu, Çaylı kəndində qeydə alınıb.
İttihama görə, 1988-ci il təvəllüdlü E.Babayev qonşusunun azyaşlı qızını televizora baxmaq adı ilə evinə dəvət edərək ona qarşı seksual xarakterli hərəkətlər edib.
Məhkəmədə ifadə verən E.Babayev ittihamla razılaşmayıb. O, azyaşlını öz balası kimi çox istədiyindən onu öpdüyünü deyib və digər seksual hərəkətləri etmədiyini bildirib. Lakin onun istintaqa verdiyi ifadə ilə məhkəməyə verdiyi ifadə arasında ziddiyət olduğu məlum olub.
Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərib ki, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Bildirib ki, evin həyətində olan zaman qonşuluqda yaşayan 7 yaşlı Aysu Əliyeva (şərti) ona tərəf yaxınlaşaraq arvadı Nigarın (şərti) zəng etdiyini deyib. Aysudan telefonu alıb arvadı ilə danışıb. Telefonla danışarkən arvadından evə nə vaxt gələcəyini soruşduqda, "evdə ol gələcəm" deyə bildirib. Danışdıqdan sonra telefonu Aysuya geri qaytarıb. Telefonu qaytardıqdan sonra Aysu və qardaşı Fəridi televizora baxmaq adı ilə evə dəvət edib. İlkin olaraq Aysu və Fərid evə gəlmək istəməyib. Buna görə də Aysunun əlindən tutub evə gətirib, bunu görən Fərid də onun ardınca evə gəlib. Evə gəldikdən sonra televizoru işə salıb. Həmin vaxt küçədən maşın səsi gəlib, evə kiminsə gələcəyini ehtimal edib Fəriddən küçəyə çıxıb baxmasını istəyib. Fərid də küçəyə çıxıb. Həmin vaxt Aysuya yaxınlaşaraq birinci üzündən öpərək "sən nə qəşəng uşaqsan" deyə bildirib, bundan sonra onun əynində olan şalvarı aşağı endirib və azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edib. Aysu ona "get rədd ol" deyə qışqırıb şalvarını yuxarı qaldırıb otaqdan qaçaraq çıxıb. Küçədə gözləyən qardaşı Fəridlə birlikdə qaçaraq uzaqlaşıblar. Təxminən 20-25 dəqiqədən sonra Aysunun anası Könül (şərti) onun evinə gəlib. Evə gəlib "qızıma qarşı niyə əxlaqsız hərəkətlər etmisən" deyə qışqırıb üzərinə hücum edərək onun üz və baş nahiyəsinə yumruqla zərbə vurub. O, Könülə "səhv etmişəm, bir də etmərəm deyə söz verirəm" deyə cavab verib. Bir neçə saatdan polis əməkdaşları yaşadığı evə gələrək barəsində şikayət olduğunu bildirib onu polis şöbəsinə dəvət edib.
Zərərçəkmiş Aysu Əliyeva ifadəsində bildirib ki, yaşadığı evin qarşısında küçədə qardaş oynayarkən qonşusu Emin adlı şəxs ona yaxınlaşaraq öz mobil telefonunda konturunun olmadığını deyərək telefonu ilə arvadına zəng etmək istədiyini deyib. O, da özünə məxsus olan mobil telefonunu Eminə verib. Emin onun mobil telefonu ilə arvadına zəng vurub danışdıqdan sonra telefonu ona qaytarıb. Bir qədər sonra Emin yoldaşı Nigarın nömrəsindən ona votsap vasitəsi ilə zəng gəldiyini gördüyü üçün telefonu aparıb Eminə verib. Emin ondan telefonu alıb danışdıqdan sonra yenidən telefonu ona geri qaytarıb. Bundan sonra o, küçəyə qayıdaraq qardaşı ilə oynamağa davam edib. Bu zaman Emin onlara yaxınlaşaraq televizora baxmağa dəvət edib, o isə istəmədiyini deyib, bundan sonra Emin onun və qardaşının əlindən tutaraq onları evə aparıb. Evdə onlardan başqa heç kim olmayıb. Emin onlardan çay içmək istəyib-istəməmələrini soruşub və onlar da çay içmək istəmədiklərini deyiblər. Daha sonra Emin qardaşı Fəridə deyib ki, çıx küçəyə bax gör arvad gəlir? Fərid çölə çıxandan sora Emin gəlib onun şalvarını aşağı çəkib və seksual xarakterli hərkətlər edib. Fərid çölə baxıb qayıtdıqdan sonra Emin onu yenidən küçəyə baxmağa göndərib. Emin ona qarşı seksual xarakterli hərəkətlərini davam etdirmək istəyərkən o, evdən çıxıb getmək istəyib, Lakin Emin onun qolundan və qıçından tutub saxlayıb ki, getməsin. Ona deyib ki, anasına bu barədə heç nə bildirməsin. Aysu qardaşı ilə birgə oradan qaçaraq uzaqlaşıb. Evə gedərək olanları anasına bildirib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənnağı Məmmədlininin sədrliyi ilə keçirilən prosesdə E.Məmmədov Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib və 17 il azadlıqdan məhrum edilib.
Humay Eminqızı