- 14:18
Bu gün Ali Məhkəmədə Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Qeyd edək ki, Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırmış və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürmüş, sonuncuların evdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd edib.
Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə cinayət işi açılmışdı.
Humay Eminqızı