Bakıda 36 yaşlı qadın borc pula görə qonşusunun burnunu sındırdı


  • 13:16

Bakıda qonşusuna xəsarət yetirməkdə təqsirləndirilən Xədicə Məmmədovanın (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ələkbərov küçəsində X.Məmmədova ilə qonşusu Əzizə Rəcəbova (şərti ad-soyad) arasında mübahisə yaranıb. Mübahisə, Əzizənin ona verdiyi 200 manat borc pulu geri tələb etməsindən sonra başlayıb. Mübahisə zamanı X.Məmmədova qonşusuna yumruq və təpik zərbələri vurub. Nəticədə, Ə.Rəcəbovanın burnu sınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə cinayət işi açılıb.

Məhkəmədə dindirilən 1989-cu il təvəllüdlü X.Məmmədova deyib ki, borc pula ehtiyacı olub və Ə.Rəcəbova ona 200 manat pul verəcəyini, amma qarşılığında zamin olaraq maaş kartı və ya qızıl istəyəcəyini bildirib. O da 5 qramlıq qızıl üzüyü zamin olaraq verib. Əzizə ona 200 manatı 1 ay ərzində qaytaracağını və 220 manat olaraq geri qaytarmalı olduğunu deyib. Sonradan, Ə.Rəcəbova pulu niyə qaytarmadığını soruşub və Xədicə faizlə ödəyəcəyini bildirib. Bu zaman Ə.Rəcəbova telefonda ona qarşı nalayiq ifadələr işlədib. X.Məmmədova bu səbəbdən DİN-in 102 zəng xidmətinə zəng edib və sonra polisə şikayət etmək üçün gedərkən küçədə yenə mübahisə yaranıb. Əzizə ona yaxınlaşıb və yaxasından tutub. Təqsirləndirilən şəxs isə onu itələyərək aralarındakı gərginliyi azaltmağa çalışıb. O an yaxınlıqda olan qonşular mübahisəni ayırıb. Təqsirləndirilən şəxs daha sonra evinə gedib.

Məhkəmədə X.Məmmədova qeyd edib ki, əvvəlki hadisələrdə Ə.Rəcəbova onun üzərinə bir neçə dəfə hücum edib. Çünki maddi çətinliklər səbəbindən ondan götürdüyü pul borcunu qaytara bilməyib. Lakin sonradan borcunu tam qaytarıb, amma zamin olaraq verdiyi qızıl üzüyü hələ də ala bilməyib. O, zərərçəkmişin burnunda yaranan xəsarətlərlə bağlı özünü günahkar bilməyib.

Məhkəmədə dindirilən Ə.Rəcəbova ifadəsində qeyd edib ki, X.Məmmədova uşağının xəstə olduğunu bildirərək ondan 270 manat borc istəyib. O, mobil telefonundan Xədicəyə həmin məbləği mobil tətbiq vasitəsilə göndərib. Təqsirləndirilən şəxs ona pulu 2 gün ərzində qaytaracağına söz verib.

Bir müddət sonra, tanışı ilə söhbət edərkən, Xədicə ona "səni dəlixanaya salacağam" deyə söz atıb. Sonra evinə gedərkən Xədicə qəfildən arxadan onun saçından tutaraq yerə yıxıb və yumruqla təpiklə vurmağa başlayıb. Orada olan qonşular gəlib onları ayırıblar. Zərərçəkmişin burnundan qan axmağa başlayıb və o, ayağa qalxıb evə getməyə çalışıb. Hadisədən sonra polis əməkdaşları gəlib və onu xəstəxanaya aparıblar.

Ə.Rəcəbova məhkəmədə ifadəsində bildirib ki, təqsirləndirilən şəxs bu zamana qədər onunla barışmağa çalışmayıb. Bu səbəbdən X.Məmmədova barədə şikayət edib və məhkəmədən ona azadlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 221.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilib.

X.Məmmədova CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinib və ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Lakin barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndi tətbiq edilİB və o təyin edilmiş cəzadan azad edilib.

Yusif Şükürov

Oxşar xəbərlər