Anasının qətlində təqsirləndirilən şəxsin məhkəməsi: "Arvadım yalvardı ki, məni də apar"


  • 16:10

Anasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Qasımlının cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin atası Anar Qasımlı ifadə verib.

“Mən Rusiyada işləyəndə gecə təxminən 3 radələrində Ramin mənə zəng edərək bildirdi ki, yoldaşımın yanına Nadir adlı şəxs gəlir. Mən Rusiyadan gəldim, olanları başa düşdüm və uşaqları götürüb Türkiyəyə getdim. Boşanma ərizəsi də vermişdim. Sonra arvadım yalvardı ki, məni də apar. Yazığım gəldi, onu da apardım. Sonra dedi ki, olanlara görə sizlə qala bilmirəm, uşaqların üzünə baxa bilmirəm. Bizim yanımızdan ayrıldı. Hadisə olan gün Ayxan mənə səs atdı ki, anamı öldürmüşəm. Öldürmə səbəbini bilmirəm. Özü ilə əlaqə saxlamağa çalışdım, amma telefona baxmırdı, təslim olmağa getmişdi. Aralarında mübahisələri olub. Ayxan çox sakit uşaqdı”, - deyə o bildirib.

Təqsirləndirilən şəxsin vəkili vəsatət verərək bildirib ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və digər şahidlər ibtidai istintaq zamanı ifadə veriblər və hadisənin bilavasitə şahidləri olmayıblar. Ona görə də onların məhkəmədə dindirilməsi zəruri deyil.

Vəkil bildirib ki, tərəflər arasında barışıq əldə edilib.

Daha sonra məhkəmə sənədlərin tədqiqi mərhələsinə keçib. İş üzrə sənədlər tədqiq edildikdən sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Çıxışlar mərhələsinə keçilib.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası 4 mart tarixinə təyin edilib.

Qeyd edək ki, 2025-ci ilin avqust ayında 2009-cu il təvəllüdlü Ayxan Qasımlı oteldə 1989-cu il təvəllüdlü anası Əsmət Qasımlını bıçaqla bir neçə dəfə zərbələr endirərək qətlə yetirib.

İttihama görə, Ayxanla anası arasında geyim tərzi səbəbindən mübahisəyə başlayıb. Belə ki, Əsmət gəzməyə çıxarkən qısa şort geyinəcəyini bildirib. Oğlu buna etiraz edib. Əsmət isə "yaxşı edirəm, bədən mənim bədənimdir, özüm bilərəm" ifadəsini işlədib. Bundan sonra azyaşlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə çarpayıda əyləşmiş anasının boğaz nahiyyəsinə zərbə endirib. Anasının ölmədiyini gördükdə isə zərbələrə davam edib. Çiyin nahiyyəsinə zərbə endirərkən bıçaq qırılaraq Əsmətin bədənində qalıb. O canını qurtarmağa çalışsa da, oğlu onun üz nahiyyəsinə yumruqlar endirib, daha sonra isə onu boğmağa başlayıb. Bütün bu qətl hadisəsi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksində yerləşən "Crossway" hotelində baş verib.

Humay Eminqızı

Oxşar xəbərlər