- 16:01
İşlədiyi kafeyə müştəri kimi gələn şəxsin bank kartından pul oğurlamaqda təqsirləndirilən Hüseyn Babayevin (şərti ad-soyad) cinayət işi üzrə məgkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Abşeron Rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsaəsn, H.Babayevə 1 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaq) təyin edilib.
Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən H.Babayev məhkəmədə ifadəsində deyib ki, 24 yanvar 2024-cü ildən 23 aprel 2024-cü ilədək o, Rusiya Federasiyasının Pıt-Yax şəhərində yaşayıb. Mart ayında həyat yoldaşı və uşağı da həmin şəhərə gəlib və birlikdə yaşayıblar. O, "Şaurma" kafesində aşpaz və satıcı kimi çalışıb. Kafedə gecə növbəsində işləyərkən, tanımadığı müştəri kafeyə gəlib. Müştəri şaurma sifariş edib və ödənişi köçürmə sistemi ilə etməyə qərar verib. Müştəri sərxoş vəziyyətdə olduğu üçün köçürməni həyata keçirə bilməyib və müştəri telefonunu Hüseynə verib ki, ödənişi qəbul etsin. Hüseyn şaurma üçün 250 rubl (təxminən 4 manat 50 qəpik) məbləğində ödənişi kafenin sahibinin kartına köçürüb. Bu zaman kartda təxminən 15,000 rubl pul olduğunu görüb. O, həmin müştərinin sərxoş vəziyyətdə olmasından istifadə edərək onun kartından 12,000 rubl (təxminən 220 manat) pulu baldızının kartına köçürüb. Daha sonra müştəriyə sifarişlərini verib və telefonunu qaytarıb. Müştəri isə kafedən çıxaraq gedib və bir daha onu görməyib.
H.Babayev bildirib ki, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı Rusiya Federasiyasında olduğu zaman tam ödəyib.
Humay Eminqızı