- 16:01
Ərini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin azyaşlı övladının dindirilməsi üçün məhkəmə prosesində psixoloq iştirak edib.
Qeyd edək ki, azyaşlı övladının məhkəmə prosesində iştirakı ilə əlaqədar N.Quliyeva şüşə arxasında deyil vəkil yanında əyləşib.
Azyaşlı şahif Q.F. 6 yaşı olduğunu bildirib. Onun sözlərinə görə, valideynləri arasında atasının ad gününə qədər mübahisənin şahidi olmayıb: “Ana ilə atanın arası yaxşı olub. Kiminsə kimisə vurduğunu görməmişəm”.
Azyaşlı şahid ifadəsinə əlavə olaraq bildirib ki, atası anasını itələyib. Anası isə buna cavab olaraq atasına sillə vurub: “Atamın halı pisləşəndə yerdə oturmuşdu”.
Şahidin sözlərinə görə, hadisə günü təcili yardımı anası yox, nənəsi çağırıb.
Təqsirləndirilən şəxs isə özünün təcili yardıma zəng etdiyini bildirib.
İş üzrə bütün şahidlər dindirildiyi üçün sübutların tədqiqi mərhələsinə keçilib.
Məhkəmə hadisə günü təcili yardıma kimin zəng etdiyini müəyyənləşdirmək üçün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sorğu ünvanlayıb.
Tərəflər arasında barışıq əldə edilmədiyi bildirilib.
Məhkəmənin növbəti iclası 5 mart tarixinə təyin edilib.
Qeyd edək ki, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiqi bıçaqlayaraq qətlə yetirib. Hadisə Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb.
Humay Eminqızı