- 11:46
"Hər bir hüquqi dövlətdə ictimai, siyasi, hüquqi sistemin təməl sütununu həmin dövlətin konstitusiyası təşkil edir".
E-huquq.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Hakimlərinin II Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, ölkənin Əsas Qanunu olan Konstitusiya ilk növbədə dövlət hakimiyyətinin sərhədlərini təsbit etməklə onun xalqın iradəsindən asılılığını müəyyən edir, əsas insan hüquq və azadlıqlarını bəyan etməklə onların müdafiəsinə təminat verir, bütövlükdə isə ictimai münasibətlərin tənzimlənməsinin başlıca istiqamət və hədəflərini müəyyənləşdirir.
Sədr deyib ki, Konstitusiya ilə bəyan edilmiş təməl prinsiplər də məhz bu məqsədlərə xidmət edirlər: "Bu prinsiplər dövlətin siyasi, hüquqi əsaslarını müəyyən etməklə onun fəaliyyətinə istiqamət verir, vətəndaşların hüquqlarının realizəsinin təmin olunacağına, hər cür pozuntulardan qorunacağına dair əminlik yaradır, nəticədə dövlət idarəetməsinə etimadın formalaşmasına gətirib çıxarır".
Şəbnəm Mehdizadə