"Bu qərarlar məhkəmə təcrübəsinin formalaşması üçün mühüm əhəmiyyət daşıyır" - Konstitusiya Məhkəməsinin sədri


  • 10:40

"Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar sırasında qanunvericilik normalarının şərhinə dair çıxarılmış qərarlar xüsusi çəkiyə malik olmaqla normanın konstitusiya hüquqi mənasının aydınlaşdırılması, onun tətbiqində sabitliyin, beləliklə də hüquqi müəyyənliyin təmin olunması baxımından vacib rol oynayır".

E-huquq.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Hakimlərinin II Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərh məcburi hüquqi qüvvəyə malik olmaqla normativ hüquqi aktın tətbiqi zamanı hüquq subyektlərinin düzgün hüquqi davranış istiqamətini müəyyənləşdirir, boşluqların aradan qaldırılmasına və qanunların Konstitusiyaya uyğun şəkildə tətbiqinə şərait yaradır.

F.Abdullayev qeyd edib ki, Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi qərarlarda ifadə olunmuş hüquqi mövqelərin məhkəmələr tərəfindən birmənalı şəkildə tətbiqi hüquqi sistemdə normativ sabitliyin qorunmasına xidmət edən mexanizmlərdən biridir: "Belə ki, bu qərarlar yalnız konkret hüquqi məsələnin həlli üçün deyil, bütövlükdə məhkəmə təcrübəsinin formalaşması və inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. Məhkəmələr tərəfindən Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad edilməsi və hüquqi mövqelərin tətbiqi oxşar hüquqi münasibətlərə vahid yanaşmanın formalaşması ilə nəticələnir ki, bu da Konstitusiya ilə bəyan edilmiş əsas prinsip və hüquqi dəyərlərin təmin edilməsində mühüm rol oynayır",

Sədr deyib ki, Konstitusiya Məhkəməsinin Plenumu bəzi hallarda sorğu, müraciət və ya şikayətdə qaldırılan məsələləri Konstitusiyanın normaları, əvvəlki hüquqi mövqeləri nəzərə almaqla qiymətləndirir və bu, iş üzrə maddi-hüquq məsələlərinin həllinə kifayət etdiyi təqdirdə, hər hansı yeni hüquqi mövqe ifadə edilmədiyindən konstitusiya işi üzrə qərarın qəbuluna zərurət görülmür və nəticə etibarı ilə qərarla eyni hüquqi qüvvəyə malik olan akt kimi qərardadın qəbulu ilə kifayətlənilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər