- 12:42
"Məhkəmə sistemində süni intellektin tətbiqinə dair proqram hazırlanıb".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, proqramda xüsusilə, iddia ərizələri, apellyasiya və kassasiya şikayətləri məhkəmələrə daxil olduqda onların prosessual normalara uyğun tərtib edilməsinin süni intellekt vasitəsilə yoxlanılması imkanları nəzərdə tutulur. Eyni zamanda, sadə işlər üzrə əmr icraatı və icra icraatı qaydasında verilən ərizə və şikayətlər üzrə süni intellektin imkanlarından istifadə etməklə qərar layihələrinin hazırlanması istiqamətində də hazırda iş aparılır.
"Son məqsədimiz məhkəmə qərarlarının proqnozlaşdırılmasının təmin olunmasıdır. Vətəndaşlar məhkəməyə müraciət edərkən iddialarının uğurluluq dərəcəsini əvvəlcədən qiymətləndirmək imkanı əldə etməlidirlər. Süni intellekt vahid məhkəmə təcrübəsinin analizi əsasında bu imkanı yaxın zamanda təmin edə biləcək", - deyə S.Hacıyev qeyd edib.
Şəbnəm Mehdizadə