Kəmalə Abiyeva: "Elektron məhkəmə icraatı kommersiya mübahisələrinin effektiv həllində önəmli rol oynayır"


  • 12:24

Mülki Prossesual Məcəlləyə 2021-ci il 01 oktyabr tarixindən qüvvəyə minən əlavə və dəyişikliklərlə elektron icraatın prosessual əsaslarının təkmilləşdirilməsindən ötən müddət ərzində icraatın rəqəmsallaşması və sürətliliyi təmin olunub.

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində baş tutan "Rəqəmsallaşma və süni intellektin tətbiqi" adlı panel müzakirədə bildirib.

O, elektron məhkəmə icraatının kommersiya mübahisələrinin effektiv həllində önəmli rol oynadığını vurğulayıb. Bildirib ki, elektron kabinet vasitəsilə iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin təqdim olunması, rezident sahibkarlıq subyektlərinin regionlardan və hətta ölkə xaricindən məhkəmələrə asanlıqla müraciət etmək imkanlarını yaradıb.

K.Abıyeva deyib ki, məhkəmə iclaslarının audio və video yazısının aparılması və elektron sistemdə saxlanılması şəffaflığın yüksəlməsinə kömək edib.

Kollegiya sədri qeyd edib ki, elektron icraat iş üzrə sübutların elektron kabinet vasitəsilə təqdim edilməsinə imkan verməklə, sübut hüququnun müasirləşməsinə təkan verib. Məhkəmə sənədləri "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə, məhkəmə prosesi iştirakçılarının elektron kabinetinə yerləşdirildiyindən, ünvan səbəbindən məhkəmə sənədlərin təqdim olunmasındakı çətinliklər aradan qalxıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər