- 17:10
Azərbaycanda mülki və inzibati işlər tam elektronlaşdırılacaq.
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində baş tutan "Rəqəmsallaşma və süni intellektin tətbiqi" adlı panel müzakirədə bildirib.
Sədr bildirib ki, mülki, kommersiya və inzibati işlər üzrə tam elektron icraata keçid mərhələli şəkildə həyata keçirilir.
Onun sözlərinə görə, məhkəmə sistemində rəqəmsallaşma prosesi 2014-cü ildən başlayıb və 10 ildən artıq müddətdə hazırkı mərhələyə gəlib çatıb.
S.Hacıyev qeyd edib ki, bu proses yalnız texnoloji yeniliklərlə məhdudlaşmayıb, eyni zamanda hakimlərin, məhkəmə aparatı əməkdaşlarının, vəkillərin və tərəflərin elektron sistemdən istifadə bacarıqlarının formalaşdırılmasını tələb edib.
Kollegiya sədrinin sözlərinə görə, sürətli keçid məhkəməyə çıxış imkanlarının məhdudlaşmasına və hakimlərin artan iş yükünün daha da ağırlaşmasına səbəb ola bilərdi.
"Ötən dövrdə elektron məhkəmə informasiya sistemi yaradılıb, eyni zamanda hakimlər, vəkillər və məhkəmə aparatı əməkdaşları üçün müvafiq təlimlər təşkil olunub. Pilot layihə ilkin olaraq kommersiya işlərinə tətbiq edilib. Buna səbəb kommersiya mübahisələrində tərəflərin əsasən peşəkar hüquqşünaslarla təmsil olunması və korporativ sektorun rəqəmsallaşmaya daha hazırlıqlı olması göstərilib. Pilot mərhələ çatışmazlıqların müəyyənləşdirilməsinə və sistemin təkmilləşdirilməsinə imkan yaradıb. Növbəti mərhələdə, 2021-ci ildə Mülki Prosessual Məcəlləyə edilmiş köklü dəyişikliklər nəticəsində kommersiya işləri ilə yanaşı mülki işlərin də elektron sistemə keçidi təmin olunub. Vətəndaşların geniş kütləsini əhatə edən mülki işlər üzrə elektronlaşma sərt şəkildə tətbiq edilməyib. Belə ki, apellyasiya və kassasiya şikayətlərinin elektron qaydada verilməsi məcburi olsa da, məhkəməyə çıxış imkanlarının qorunması məqsədilə iddia ərizələrinin elektron formada təqdim edilməsi məcburi xarakter daşımayıb. Hazırda vətəndaşlar iddia ərizələrini kağız daşıyıcıda təqdim edə bilirlər", - deyə o bildirib.
S.Hacıyevin sözlərinə görə, son 5 ildə vətəndaşların elektron sistemlə tanışlıq səviyyəsi artıb, sistem isə artan iş yükü baxımından sınaqdan keçib. Eyni zamanda, aztəminatlı şəxslərin məhkəməyə çıxış imkanlarının məhdudlaşmaması üçün mülki işlərdə dövlət hesabına vəkillə təmin olunma ilə bağlı qanunvericiliyə dəyişiklik edilib.
O bildirib ki, görülən tədbirlər nəticəsində mülki və inzibati işlər üzrə tam elektron icraata keçid mümkün olub və bununla bağlı qanunvericilik layihəsi hazırlanaraq təqdim edilib: "Layihə mülki, kommersiya və inzibati işlər üzrə məhkəmə icraatının kağızdan tam imtina edilərək elektron formada aparılmasını nəzərdə tutur. Yalnız müstəsna hallarda bəzi sübutların fiziki şəkildə təqdim olunmasına icazə veriləcək.
Kollegiya sədri qeyd edib ki, proses davamlı inkişaf xarakteri daşıyır: "Layihənin qəbulundan sonra onlayn məhkəmə iclaslarının geniş tətbiqi üçün də yeni imkanlar yaranacaq. Beynəlxalq təcrübəyə əsasən, tam elektron icraata keçid vətəndaşların və vəkillərin məhkəmə iclaslarına fiziki olaraq qatılmadan distant şəkildə qoşulmasına şərait yaradacaq".
Şəbnəm Mehdizadə