- 17:10
"Tam elektron icraata keçid işlərə baxılması üzrə ərazi aidiyyəti bölgüsünün aradan qalxmasına dəstək göstərmiş olacaq. Bu isə öz növbəsində ölkə üzrə məhkəmə və hakimlərin iş yükünün bərabərləşməsinə və nəticədə məhkəmə mübahisələrinin daha operativ həllinə imkan verəcək".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində baş tutan "Rəqəmsallaşma və süni intellektin tətbiqi" adlı panel müzakirədə deyib.
Onun sözlərinə görə, məsələn, hazırda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məhkəmələrdəki hakimlərin iş yükü ilə Bakı şəhərinin rayon məhkəmələrinin yükü arasındakı mövcud olan ciddi fərq aradan qalxmaqla proporsionallaşmış olacaq.
"Nəzərə alınmalıdır ki, elektron icraata tam keçid mövcud datanın tam şəkildə elektronlaşmasına imkan vermiş olacaq ki, bu isə süni intellektin tətbiqi imkanlarını ciddi şəkildə genişlənməyə imkan verəcək", - deyə S.Hacıyev bildirib.
Kollegiya sədri deyib ki, süni intellekt aşağıdakı sahələrdə tətbiq oluna bilər:
- İlk növbədə bəsit proqramlaşma hesabına iddia ərizələrin, apellyasiya və kassasiya şikayətlərinin prosessual qanunvericiliyin tələblərinə cavab verib verməməsinin yoxlanılması
- Məhkəmə bildirişlərin avtomatik generasiyası
- Məhkəmə iclas protokollarının "text to speach" proqramı üzrə avtomatik yazılması
- Əmr icraatı, icra icraatı qaydasında qəbul edilən qərar layihələrinin hazırlanması
- Mövcud məhkəmə təcrübəsinə uyğun olaraq apellyasiya və kassasiya şikayətlərinin hüquqi məsələlərə dair dəlillərinə müvafiq cavabların hazırlanması
- İşlərin məhkəmə perspektivinin proqnozlaşdırılmasının aparılması
- Mürəkkəb qərar layihələrinin hazırlanması
- Məhkəmə sisteminin idarəçiliyi
Şəbnəm Mehdizadə