Anar Əsədlinin məhkəməsində zərərçəkmişlər ifadə verdi


  • 13:06

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Oqtay Qasımov prokuror və vəkillərin suallarını cavablandırıb.

O bildirib ki, ona dəymiş ziyan tam ödənilməyib: "Anara üç dəfə olmaqla hər biri 50 min dollar məbləğində, yəni ümumilikdə 150 min dollar ödəmişəm. Bu məbləğləri torpaq sahəsini 44 min dollara satmaq və borc pul götürmək yolu ilə təmin etmişəm. Borc aldığım şəxslərin adlarını açıqlamaq istəmirəm, amma indi həmin şəxslərə borcluyam. Anar Türkiyədə ev alqı-satqısı və təmiri ilə məşğul olacaqdı. Buna görə ona ödəniş etmişəm. 50 min dollar müqabilində 2 min 300 dollar gəlir əldə etmişəm. Bizim aramızda yazılı razılaşma olmayıb, yalnız şifahi razılaşma olmuşdur. Anar mənə demişdi ki, əgər pulu geri götürmək istəsəm, ona bir ay öncədən məlumat verəcəyəm və o, məbləği toparlayıb qaytaracaq. 2017-ci ildə ikinci dəfə 50 min dollar verdim. Üçüncü ödəniş 2017-ci ilin sentyabr ayında həyata keçirildi. Anar bildirdi ki, Türkiyədə xəstəxana tenderi keçiriləcək. O, özü bu məsələ ilə əlaqədar 287 min dollar xərcləmişdi və mənim ona 50 min dollar verməyim halında pay sahibi olacağımı söylədi. Tenderin uğurla nəticələnmə ehtimalı az idi, amma Anar dedi ki, əgər tender baş tutmasa, pul mənə qaytarılacaq. Borcla əlaqədar mənə torpaq da verilib. Hazırda torpağı satmıram, çünki mənə pul lazımdır. Əgər pulumu qaytararsa, torpağı ona geri verəcəyəm. Anar vəkili ilə mənim vəkilim görüşəndə qarşı tərəfin vəkili mənə heç bir pul ödənilməyəcəyini bildirdi. Ondan sonra Anarla əlaqələrimiz kəsildi. Ümumilikdə mənə 32 min dollar qazanc kimi geri qaytarılıb. Ziyanın 25 min dolları isə mənə ödənilib".

A.Əsədli zərərçəkmişin söylədiklərinin yalan olduğunu bildirib: "Onun dərdi pul deyil, məqsədi mənim barəmdə "dələduz portreti" yaratmaqdır. Mən ondan pul aldığımı inkar etmirəm, lakin mənim onun 50 min dollarına necə ehtiyacım ola bilər ki, mən 300 min dollarlıq tender əldə etmişəm?”

Zərərçəkmiş şəxs qismində ifadə verən Tamara Allahverdiyeva isə bildirib ki, A.Əsədlinin anası Şəfiqə xanımla iş yoldaşı olublar: "45 min dollar pul vermişəm, Anar müəllimin qardaşı Hilala maşın alınacaqdı. Bu məbləği 2-3 dəfəyə vermişəm, dəqiq yadımda deyil. Pul həm Anara, həm Şəfiqəyə, həm də Hilalaya borc kimi əlbəəl verilib. Bu məsələdən əvvəl məndən heç bir borc istənməyib. Verilən pul da mənə geri qaytarılıb. Mən gedib heç kimə şikayət etməmişəm və heç bir şikayətim yoxdur".

Məhkəmənin növbəti iclası 13 mart tarixinə təyin edilib.

Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilib. Zərərçəkmiş şəxslər Etibar Nəsirov, Hüseyn İlham, Tamara Allahverdiyeva və politoloq Oqtay Qasımovdur.

Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə A.Əsədlinin ev dustaqlığına buraxılsa da, məhkəmənin ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

Humay Eminqızı

Oxşar xəbərlər