- 13:37
"Elektron məhkəmə" informasiya sistemi digər sistemlər kimi 4 amil üzərində qurulub: insan kapitalı, mövcud infrastrukturun yenilənməsi; bu sahədə hüquqi təminatın müasir tələblərə uyğunlaşdırılması və idarəetmə proseslərinin çevikliyi.
E-huquq.az xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində baş tutan "Rəqəmsallaşma və süni intellektin tətbiqi" adlı panel müzakirədə deyib.
O bildirib, Məhkəmə-Hüquq Şurasının 12 iyul 2024-cü il tarixli qərarı ilə "Elektron məhkəmə" informasiya sisteminin təkmilləşdirilməsi üzrə İşçi Qrup təchiz edilib. 2024-cü ilin noyabr ayında Məhkəmə-Hüquq Şurası Aparatında 10 ştatdan ibarət Rəqəmsal ədalət mühakiməsi və innovativ inkişaf şöbəsi yaradılmış və hazırda tam komplektəşdirilib. 2025-ci ilin aprel ayından "Elektron məhkəmə" informasiya sistemi ilə əlaqədar Çağrı Mərkəzi və aidiyyəti texniki problemləri həll edən Texniki dəstək qrupu fəaliyyətə başlayıb.
K.Mansurov qeyd edib ki, qlobal rəqabət mühitində informasiya sisteminin müasir tələblərə uyğun yeni versiyasının hazırlanması üzrə aparılan genişmiqyaslı işlər hazırda yekunlaşmaq üzrədir: "Müvafiq auditlər, sınaq testləri və məhkəmə korpusu ilə keçiriləcək təlimlər uğurla tamamlandıqdan sonra yeni versiyanın istifadəyə verilməsi nəzərdə tutulur. Daha sonra müvafiq sistemdən istifadə Qaydaları yeniləcək".
Aparat rəhbəri əlavə edib ki, bu günədək "Elektron məhkəmə" informasiya sisteminin şəxsi kabinetində 252.076 istifadəçi qeydiyyatdan keçib: "Ümid edirik ki, aparılan islahatlar və görülən işlər nəticəsində yaxın zaman bu sayın dəfələrlə artacağının şahidi olacağıq".
K.Mansurov vurğulayıb ki, Məhkəmə-Hüquq Şurası fəaliyyətinin bütün istiqamətlərində rəqəmsallaşma siyasətinə sadiqliyini nümayiş etdirir.
Şəbnəm Mehdizadə