"Yanğın siqnalizasiya sistemi üçün 2 milyon lazım idi" - 7 körpənin öldüyü yanğınla bağlı MƏHKƏMƏ


  • 11:18

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyeva ifadə verib.

O bildirib ki, 2023-cü ildə onun təşəbbüsü ilə mərkəzdə fövqəladə hallarda davranış qaydaları ilə bağlı təlim keçilib.

M.Abasquliyeva bildirib ki, havalanma sistemində olan problemlər, isti suyun olmaması ilə bağlı nasazlıqlar, əczaçı soyuducunun yenilənməsi, dam örtüyünün təmiri eləcə də işıq generatorları və qazanxananın təmiri və s. onun hesabına, onun təşəbbüsü ilə yoluna qoyulub: “Bu halda necə demək olar ki, mən rəsmi öhdəliklərimi yerinə yetirməmişəm. Hətta bayram günlərində də mərkəzə gəlirdim”.

O deyib ki, ondan əvvəl direktor vəzifəsində çalışanlar yanğın siqnalizasiya sistemində olan problemləri aradan qaldırmayıb: “Ümumi siqnalizasiya sisteminin təmiri üçün 2 milyondan çox vəsait lazım idi. TƏBİB-ə yanğından müdafiə sisteminin bərpası ilə bağlı məlumat vermişik. Bizə bildirildi ki, bu külli miqdarda məbləğdir”.

M.Abasquliyevanın sözlərinə görə o, dövlət büdcəsinə də qənaət edilməsini təmin edib: “Bəzən dövlət hesabına müalicə alan xəstələrin stasionar müalicə müddəti süni şəkildə uzadılırdı. Məsələn, xəstə 10 gün müalicə almalıdırsa, həmin müddət süni uzadılaraq 20 gün olurdu. Mən fəaliyyətim dövründə bunun qarşısını alaraq real müalicəyə ehtiyacı olan xəstələrin də stasionar müalicə almasını təmin etmişəm, eləcə də dövlət büdcəsinə də qənaət etmişəm. Beləliklə, dövlət hesabına müalicə ala bilən xəstələrin də sayı artdı”.

Məhkəmənin növbəti iclasında Mehriban Abasquliyeva ifadəsini davam etdirəcək.

Məhkəmənin növbəti iclası 4 mart tarixinə təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.


Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Humay Eminqızı

Oxşar xəbərlər