Xəzər Rayon Məhkəməsinin sədri tələbələrlə görüşdü - FOTO


  • 15:49

27 fevral 2026-cı il tarixində Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Masterklass” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirin qonağı qismində Xəzər Rayon Məhkəməsinin sədri, uzun illər Hüquq fakültəsinin müəllimi olmuş Abbas Rzayev çıxış edib.

Görüş “Ədalətli məhkəmə araşdırması və Avropa Məhkəməsinin qərarları” mövzusuna həsr edilib.

Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev hüquq təhsilində nəzəri biliklərlə yanaşı praktiki təcrübənin əhəmiyyətini xüsusi vurğulayıb. O, məhkəmə sistemində uzun illər fəaliyyət göstərən və elmi-pedaqoji fəaliyyətlə məşğul olan Abbas Rzayevin tələbələrlə birbaşa ünsiyyətinin onların peşəkar formalaşmasına mühüm töhfə verəcəyini bildirib.

Sonra çıxış edən Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyəti və Azərbaycanla bağlı qəbul etdiyi qərarların statistikası barədə ümumi məlumat verib. Bildirilib ki, Məhkəmə Konvensiya iştirakçısı dövlətlər tərəfindən insan hüquq və azadlıqlarına riayət olunmasına nəzarət edən beynəlxalq məhkəmə orqanıdır.

Çıxış zamanı Avropa Məhkəməsinə müraciət qaydaları və şərtləri, o cümlədən daxili məhkəmə instansiyalarının tükəndirilməsi prinsipi izah edilib. Eyni zamanda, Məhkəmənin struktur quruluşu, hakimlərin seçilmə qaydası və qərarların hüquqi mahiyyəti barədə məlumat verilib. Vurğulanıb ki, bu günün hüquqşünas tələbəsi sabahın hakimi, prokuroru, vəkilidir və bu baxımdan tələbələr tərəfindən Avropa Məhkəməsinin qərarlarının öyrənilməsi zəruridir.

Görüş çərçivəsində ədalətli məhkəmə araşdırmasının anlayışı, bu sahədə beynəlxalq normalar və işlərə ağlabatan müddətdə baxılması prinsipi ətrafında müzakirələr aparılıb, tədbir tələbələrin sualları ilə interaktiv şəkildə yekunlaşıb. Peşəkar və təcrübəli hakim Abbas Rzayevlə görüş tələbələrin böyük marağına səbəb olub və onların peşəkar hüquqşünas kimi formalaşmasına mühüm töhfə kimi qiymətləndirilib.

Oxşar xəbərlər