- 12:34
Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə polis əməkdaşları ifadə veriblər.
Şahid Xalis Salamov bildirib ki, ərazidə xidmətdə olarkən səs-küy eşidib: “4 polis əməkdaşı xidmət edirdik. Səs gələn əraziyə keçəndə mübahisənin olduğunu aşkar etdik. Rüfət Natiqi yerə yıxaraq təpik və yumruqlarla döyür, onun ünvanına söyüşlər söyürdü. Onları ayırsaq da, Rüfət yenə Natiqin üzərinə gedirdi. Xidməti maşına əyləşərək onları Binəqədi rayon polis idarəsinə apardıq. Zərərçəkmişin üz nahiyyəsində qan izləri var idi. Biz orada olanda mübahisə təxminən 15 dəqiqə davam edib”.
Hakim Telman Hüseynov şahiddən hadisə yerində mübahisənin səbəbini müəyyən edib-etmədiyini soruşduqda, Xalis Salamov bildirib ki, həmin vaxt mübahisənin səbəbini müəyyən edə bilməyiblər.
Digər şahid Emin Məmmədxanov ifadəsində bildirib ki, mübahisə binanın altında olan qarajda baş verib. Qeyd edib ki, ərazidə xidmətdə özü və digər 3 polis əməkdaşı olub. Onun sözlərinə görə mübahisə və davalar günorta 4 radələrində olub.
Daha sonra polis əməkdaşları Elgün Əhmədov və Vüsal Əliyev də bənzər idadələr veriblər.
İttihama görə, Rüfət Səfərov zərərçəkənə Novxanıda bağ satıb və bunun qarşılığında 60 mindən çox pul alıb. Lakin vədinə əməl etməyib. Bunu görə hadisə günü zərərçəkən Natiq İmanquliyev onun qarajına gələrək onunla mübahisə edib. Rüfət Səfərov bundan sonra onu yaralayıb.
Rüfət Səfərova qarşı AR Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Humay Eminqızı