- 17:43
Bakıda mənzildən xeyli miqdarda oğurluq etməkdə təqsirləndirilən Mehdi Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
E-huquq.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, 1984-cü il təvəllüdlü M.Məmmədov paytaxtın Nəsimi rayonu ərazisindəki mənzillərdən birindən 100 manat dəyərində “Nokia” markalı mobil telefonu, 18700 manat təşkil edən 11000 ABŞ dolları pulu, 1 ədəd 4000 manat dəyərində üzük və 1 cüt sırğadan ibarət qızıl komplekti və 1 ədəd 1000 manat dəyərində qızıl sikkəni gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb.O, ümumilikdə 23 800 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq edib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, əvvəllər müxtəlif cinayətlər törədib. Cinayət. Məcəlləsinin 177, 185, 194 və 234-cü maddələri ilə dəfələrlə azadlıqdan məhrum edilib. Bakı şəhərində daimi yaşayış yeri olmadığından tüfeyli həyat tərzi keçirir, arabir 8-ci km bazarında alver etməklə gündəlik ehtiyaclarını ödəyir. Daimi işi olmadığından, pul olmadıqda oğurluq etməklə gündəlik tələbatlarını qarşılayır. Həmin gün də günorta saatlarında, pulunun olmaması səbəbindən oğurluq etməyə qərar verib.
Onun sözlərinə görə, oğurladığı puldan bir qismini ehtiyacları üçün xərcləyib. Qalmağa yeri olmadığından həmin gecəni Xırdalan şəhəri ərazisində dəmir yol relsinin kənarındakı otluqda keçirib, səhər oyandıqda isə üzərindəki pul, zinət əşyaları və mobil telefonun naməlum şəraitdə oğurlandığını aşkar edib.
M.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılarkən cinayət məsuliyyətindən yayınmaq məqsədilə əlində olan sellofan torbanın içərisindən mətbəx bıçağını götürərək öz qarın nahiyəsinə bir neçə zərbə endirib., lakin polis əməkdaşlarının müdaxiləsi ilə bıçaq əlindən alınıb və daha sonra təcili tibbi yardım çağırılaraq xəstəxanaya aparılıb.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilib.
Şəbnəm Mehdizadə