"Məni həbs etməsəz, özümə qəsd edəcəm" - MƏHKƏMƏ


  • 17:30

Bakıda azyaşlı qızını döyməkdə təqsirləndirilən Hüseyn Kərimovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Sabunçu rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, ifadəsində bildirib ki, evdə yemək yeyib biraz vaxt keçirdikdən sonra saat təxminən 01 radələrində o, qızı Fidanının (şərti) hələ də yatmadığını və qonaq otağında oturub telefonla oynadığını görüb. Bunun ardından o, qızına yatmasını bildirib. Lakin Fidanın onun sözlərinə əhəmiyyət verməyərək telefonla oynadığını gördükdə, azyaşlının üz nahiyəsindən bir dəfə əl ilə zərbə endirib.

H.Kərimov deyib ki, əməlindən peşmandır və həbs olunmağını istəyir. Bildirib ki, həbs olunmasa, özünə qəsd edəcək.

Məhkəmə iclasında qanuni nümayədəsinin iştirakı ilə dindirilmiş azyaşlı isə ifadəsində göstərib ki, daim evdə mübahisələr olub, atası içkili gələrək anasını vurub. Sonuncu dəfə isə saat təxminən 19 radələrində atası evə gəlib, evdə yemək yeyib biraz vaxt keçirdikdən sonra saat təxminən 01 radələrində anidən onun qonaq otağında telefonla oynadığını görüb onunla kobud formada danışmağa başlayıb. Bunun ardından atası ona qışqıraraq otağına keçib yatmağını tələb edib. O da atasının deməsinə uyğun telefonu söndürüb öz otağına keçərkən atası onun üzərinə gəlib bir dəfə əl ilə üz nahiyəsindən zərbə endirib.

Azyaşlının sözlərinə görə, H.Kərimov məhkəmə hazırlıq iclasından sonra yenə anasını və onu döyüb, şikayəti geri götürməsini tələb edib.

O, anası və özünün həyatlarının təhlükədə olduğunu deyib və məhkəmənin bunu nəzərə almasını xahiş edib.

Məhkəmənin hökmü ilə H.Kərimov 5 ay müddətə azadlıqdan məhrum edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər