- 13:19
Bakıda 28 yaşlı Cümşüd Cümşüdlünün "Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşərək ölməsi faktı üzrə başlanmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.
Şahid Səyyar Nuriyevin sözlərinə görə, o, hadisə baş verən ərazidə tikinti materiallarının satışını həyata keçirən mağaza işlədir. Şahid bildirib ki, 2025-ci ilin əvvəlindən orada çökmə olub və aidiyyəti qurumlara bu barədə dəfələrlə məlumat verilib, lakin tədbir görülməyib: “Bizi ittiham edirlər ki, oraya qurulan məhəccərləri götürmüşük, lakin bu, absurd ittihamdır. Çöküntü baş verən gündən "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin nəticəsi olmayıb".
Təqsirləndirilən şəxs Azər Cümşüdov çöküntü baş verən əraziyə qoyulan məhəccərlərin sahibkarlar tərəfindən götürüldüyünü deyib.
Şahid S.Nuriyev isə bildirib ki, hadisə baş verən ərazidən 70 metr kənarda əvvəl də çökmə olub: "Bakı Su Kanal İdarəsindən ərazinin boşaldılması ilə bağlı hər hansı bir məktub gəlməyib. İdarənin əməkdaşları məhəccərləri oraya quraşdıranda onları yerə bərkitməmişdilər".
A.Cümşüdov şahidi tanıdığını inkar edib.
Prosesdə ifadə verən digər şahid Asim Həbibov da hadisə baş verən ərazidə tikinti materiallarının satışını və icarəsini həyata keçirən mağaza işlətdiyini bildirib: "Dəfələrlə "Azərsu"nun qaynar xəttinə zəng etdik, lakin məhəl qoyan olmadı. Bu səbəbdən özümüzdə olan məhəccərləri oraya qoyduq ki, hər hansı bir bədbəxt hadisə baş verməsin. O, məhəccərləri icarəyə verib pul qazanırdım deyə bir müddətdən sonra oradan götürdüm. "Azərsu"nun məhəccərləri orada idi, amma onlar yerə bərkidilməmişdi. Onlara məxsus məhəccərlərini biz götürməmişik".
A.Cümşüdov A.Həbibovun ifadəsinə münasibət bildirərkən söyləyib ki, onun işi təmir-tikinti ilə bağlıdır, məhəccərlərin qoyulması səlahiyyətinə aid deyil. O, eyni zamanda qaynar xəttə edilən müraciətlərlə bağlı ona məlumat verilmədiyinidə deyib.
Məhkəmənin növbəti iclası 17 mart tarixinə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, ötən il iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsindəmərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur.
Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Humay Eminqızı