- 12:29
Bu gün Ali Məhkəmədə həyat yoldaşı və 8 aylıq körpəsini öldürməkdə təqsirləndirilən Fərid Hüseynli barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Hüseynli ömürlük azadlıqdan məhrum edilmişdi. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, hadisə Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlu 2003-cü il təvəllüdlü həyat yoldaşı İbadova Leyla Əlişan qızına və 8 aylıq körpəsinə kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə ittiham olunur. Daha sonra o, özünə xəsarət yetirib və xəstəxanaya yerləşdirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi olub.
Humay Eminqızı