- 15:20
Qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.
Şahid Sahib Abbasov bildirib ki, Nəcəf Qafarov onun qaynatasıdır və münasibətləri yaxşı deyil: “Qaynatamla danışmıram, onu polisə də vermişəm. Səbəb bu olub ki, o birdəfə qapıma soyuq silahla gəlib. Hadisə baş verən gün Nuranə zəng edib dedi ki, Adil ölür, gəl. Dedim mənə niyə zəng edirsən? Get təcili yardıma zəng et”.
Şahid Ləman Əkbərova bildirib ki, təqsirləndirilən şəxslər onların kirayə verdiyi evdə qalırdı: “Evdə anam və mən var idik, qışqırıq səsləri gəldi. Kirayə verdiyimiz evlə bizim qaldığımız evin arasında məsəfə az idi, ona görə də eşidirdim. Qadın və uşaq səsləri qarışmışdı. Amma bir kişinin səsi aydın gəlirdi. O deyirdi ki, “sən Allah eləmə”. Kimsə əlini harasa vururdu. Nuranənin qızı Fidan bizim evə gəlib anama demişdi ki, atamı xəstəxanaya apararsız? Anam isə demişdi yox. Çünki evdə tək idik, atam yox idi.
Məhkəmənin növbəti iclası 17 mart tarixinə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci il aprelin 22-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.
Qəsəbə sakini Ədil Məhərrəmovun qətlə yetirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Araşdırmalarla onun əvvəllər məhkum olunmuş 57 yaşlı qayınatası Nəcəf Qafarov tərəfindən qətlə yetirildiyi məlum olub. Nəcəf Qafarov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Daha sonra isə onun qızı və qətlə yetirilən Ədil Məhərrəmovun həyat yoldaşı Nuranə Məhərrəmova da hadisə ilə bağlı ittiham edilərək istintaqa cəlb olunub.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.4-cü maddələr ilə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Humay Eminqızı