"Mənə dedi ki, oğlun elə ölməyə layiq idi" - Bakıda amansızlıqla öldürülən şəxsin anası


  • 11:54

Qətl və xuliqanlıq törətməkdə ittiham olunan Natiq İmamcanov və Afiq Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Turan Əliyevin anası Şəfəq Əliyeva ifadə verib.

"Marketə oğlumla birlikdə çörək almağa getmişdik. Yolda bir nəfər oğlumun çiyninə dəydi və aralarında mübahisə yarandı. Oğlum həmin şəxsə dedi ki, "Sən mənim balaca qardaşımla yaşıdsan, belə hərəkət etməyin lazım deyil". Mən Turanı kənara çəkdim və evə qayıtdıq. Bir neçə gün sonra kiçik oğlum evdə dedi ki, məsələ böyüyüb və qardaşımın üstünə adam göndərmək istəyirlər. Martın 8-də oğlum siqaret almaq üçün evdən çıxdı. Təxminən yarım saat sonra kürəkənim qızıma zəng edərək Turanın bıçaqlandığını bildirdi. Hadisə yerinə qaçdıq. Oradan qışqırıq səsləri gəlirdi. Afiqi gördüm, əlində bıçaq var idi və üzərində qan izləri görünürdü. Mənə dedi ki, get, oğluna bax. Natiq isə aqressiv şəkildə üzərimə gəlirdi və "Oğlun elə ölməyə layiq idi" deyirdi. Natiq əvvəlcədən belində bıçaqla gəlmişdi. Onun gətirdiyi bıçaq olmasaydı, oğlum ikinci dəfə bıçaqlanmazdı. Əvvəllər onların arasında heç bir mübahisə olmayıb", - deyə şahid ifadəsində qeyd edib.

Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadədə ziddiyət aşkar edilib. Belə ki, o əvvəlki ifadəsində bildirib ki, bıçağı Natiq İmamcanovun əlində görüb. Lakin bu gün keçirilən prosesdə həmin sözləri inkar edib.

Məhkəmənin növbəti iclası 1 aprel tarixinə təyin olunub.

Xatırladaq ki, ötən il Bakı şəhəri ərazisində Afiq Hacıəliyev mübahisə zəmnində tanışı Turan Əliyevə bıçaqla xəsarət yetirərək, onu öldürüb. Hadisə günü tanışı Natiq İmamcanovla birlikdə olan Afiq Hacıəliyev təqsirləndirilən şəxs qismində məsuliyyətinə cəlb olunub, Afiq Hacıəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), Natiq İmamcanova isə 221.3-cü ( xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər