- 16:49
Nəsimi rayon sakinini yatarkən qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovunun cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə F.Feyzullayev ifadə verib.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, zərərçəkmişlə üç il eyni evdə yaşayıblar. Onların arasında əvvəllər yalnız bir dəfə mübahisə baş verib, lakin sonradan münasibətlər normallaşıb: "Hadisə günü İsgəndər üzərimə gəldi, ailə söyüşü söyərək. Mən ona bir yumruq vurdum, amma o yenə söyməyə davam edirdi. Mən imkan vermədim ki, o mənə xəsarət yetirsin. Mən onu yatağın baş hissəsi ilə vurdum. Yumruq vurandan sonra o yerə yıxıldı və mən yatağın baş hissəsi ilə vurmağa başladım. Hətta yatağın bir hissəsi qırıldı, amma mən dayanmadan vurmağa davam etdim. Sonra meyiti yatağın altına qoydum. Ayaqları qatlanmırdı, düşündüm ki, necə kəsə bilərəm. Bazara getdim, qara sellofan, çanta və yeni iti bıçaq aldım. Meyiti çantaya qoyanda gördüm ki, əl-ayaq sığmır. Ona görə əvvəlcə bir ayağını, sonra digərini kəsdim. İkinci ayağın sümüyünü qırmaq çətin oldu, təxminən 30 dəqiqə vaxt sərf etdim. Bədəni iki hissəyə bölmüşəm: bədən ayrı, ayaqlar ayrı. Hissələri çantalara qoydum, içinə adyal da qoydum ki, görünməsin. Sellofana bükdüyüm üçün qan axmırdı. Meyiti böləndən sonra yuyundum, paltarımı dəyişdim ki, üzərimdə heç nə görünməsin. Çölə çıxanda Elmira və Ülvi ilə rastlaşdım. Ülvidən çantanın bir tərəfindən tutub kömək etməsini xahiş etdim. Onun heç bir şeydən xəbəri yox idi. Ülvi soruşdu ki, içində nə var, mən də dedim ki, drel filandır, Sabunçu bazarından almışam. Ümumilikdə 3 bağlama var idi. Bir çantada bir ayaq, o birində digər ayaq, bədəni isə ayrı çantada. Taksi ilə Ağsuya getdim. Üç hissəni də eyni yerə atacaqdım, amma əvvəlcə ikisini atdım, üçüncünü Cavanşir gölünə atdım. Sonra evə gəldim. İsgəndərin itdiyi məlum olduqdan sonra polisə gedib hər şeyi danışdım".
O, deyib ki, Ü.Abasov sellofanlarda cəsəd olduğunu bilsə, ona kömək etməzdi.
Daha sonra prokuror F.Feyzullayevdən əvvəl qəssab işləyib-işləmədiyini soruşub. O, cavabında bildirib ki, qəssab işləməyib, lakin həyətdə heyvan kəsib.
"Elə ona görə də cəsədi rahat bölmüsən. Cəsədi bölməkdənsə, adyala büküb axşam aparıb bir yerdə gizlədərdin. Sənin etdiyin faciədir", - prokuror bildirib.
"Bu, faciə deyil, söyüşün cavabıdır", - təqsirləndirilən şəxs deyib.
Daha sonra təqsirləndirilənlə prokuror arasında mübahisə yaşanıb.
F.Feyzullayev törətdiyi əməldən peşman olduğunu söyləyib.
Məhkəmənin növbəti iclası 8 aprel tarixinə təyin edilib.
Araşdırmalarla, 2025-ci il avqustun 4-də, gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən qətlə yetirmələrinə, daha sonra Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur. Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Humay Eminqızı