- 17:55
Ağcabədi rayonunda qonşusuna xəsarət yetirməkdə təqsirləndirilən Qiyas Əliyev (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə Ağcabədi rayon Məhkəməsində hakim Şahəli Musayevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, hadisə qəbiristanlıqda baş verib.
Belə ki, 1958-ci il təvəllüdlü Q.Əliyevin oğlu Elməddin Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib. Mərhumun həyat yoldaşı qayınatasına bildirib ki, E.Əliyev ölməzdən öncə vəsiyyət edib ki, onu bacısı Rəna Əliyevanın məzarının sağ tərəfində dəfn etsinlər. Lakin Q.Əliyev bununla razılaşmayıb və mərhumun R.Əliyevanın məzarından 10 metr aralıda, sol tərəfində dəfn olunmasını deyib. Bu zaman həmkəndlisi Telman Cavadov da E.Əliyevin vəsiyyətinə əsasən, bacısının məzarının sağ tərəfində dəfn edilməli olduğunu bildirib.
Buna qəzəblənən Q.Əliyev həmkəndlisinə "sən kimsən, nə səbəbə mənim işimə qarışırsan" deyib və ardınca onun sifət nahiyəsinə yumruq zərbəsi endirib. Nəticədə zərərçəkmişin ağız nahiyəsindən qan gəlməyə başlayıb. O, dərhal Ağcabədi rayon mərkəzi xəstəxanasına gedib və ona tibbi yardım göstərilib. Daha sonra Ağcabədi rayon polis şöbəsinə gedərək Q.Əliyev barədə şikayət edib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmənin hökmünə əsasən, Q.Əliyev 1 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
Yusif Şükürov