Tarix boyunca ədalət simvolu olan Azərbaycan qadını


  • 10:54

Azərbaycan qadınları tarix boyunca dövlətçilik tarixində müstəsna rol oynayıblar. Bu əvəzolunmaz rol bir çox Azərbaycan qadınının adını tariximizin səhifələrinə qızıl hərflərlə həkk edib. Həmin qadınlara misal olaraq məğrur hökmdar Tomrisi, Bərdənin hökmdarı Nüşabəni, Şərqin ilk diplomat qadını Sara xatunu, Fətəli xanın həyat yoldaşı Tuti Bikəni, Qarabağ hakimi Xan qızı Xurşidbanu Natəvanı göstərmək olar.

Müasir dövrümüzdə isə Mehriban xanım Əliyeva Azərbaycan qadınının parlaq siması, ən uğurlu obrazı kimi dərin rəğbət qazanıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra qadınların cəmiyyətdə rolu əhəmiyyətli dərəcədə yüksəlib. Onların fəaliyyət dairələri daha da genişlənib. Ölkəmiz qadınlarla bağlı bir sıra beynəlxalq təşkilatlara qoşulub, mühüm konvensiya və protokolları ratifikasiya edib.

1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" BMT Konvensiyası, Beynəlxalq Əmək Təşkilatının (BƏT) qadın əməyi sahəsində qəbul etdiyi "Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında", "Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında", "Analığın mühafizəsi haqqında", "Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında" və "Ərdə olan qadının vətəndaşlığı haqqında" Konvensiyaları təsdiqlənib.

1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul olunan Azərbaycan Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq edərək, demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. 1998-ci ildə isə "Azərbaycanda qadınların rolunun artırılması haqqında" Fərman imzalanaraq Qadın Problemləri üzrə Dövlət Komitəsi təsis edilib.

Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət yetirdiyi bir məsələ - Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətin və dövlətin idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan qadını yaradılan şəraitdən yararlanaraq, özünə göstərilən inamı doğrultmağa çalışır, zəngin zəkası və daxili potensialı ilə xalqa fədakarcasına xidmət edir.

Müasir Azərbaycan qadını Vətən torpaqlarını öz canı-qanı bahasına işğaldan azad etmiş qəhrəman övladlar yetişdirən ana olmaqla yanaşı, bacarıqlı siyasətçi, dövlət məmuru, xalqın inanıb seçdiyi deputat və ədalətin keşiyində dayanan hakimdir. Şərqdə ilk dəfə seçki hüququ qazanan Azərbaycan qadını müasir dövrümüzdə xalqın və ölkənin inkişafı naminə bütün sferalarda fəallıq nümayiş etdirir.

Diqqətçəkən statistikaya görə, son 10 ildə Azərbaycanda 130 qadın hakim təyin olunub. Ümumilikdə isə ölkəmizdə 175 qadın hakim fəaliyyət göstərir. Hər təyinatda qadın hakimlərin sayının daha da artması Azərbaycan qadınına olan hörmət və inamın bariz nümunəsidir.

Cəmilə Əbülfət Kərim

Gəncə Apellyasiya Məhkəməsinin Məhkəmə iclas katibi

Oxşar xəbərlər