- 6 Mart 20:48
2026-cı il martın 6-da Bakı Apellyasiya Məhkəməsində “Ədalət mühakiməsi hüququ” adlı dərs vəsaitinin təqdimat mərasimi təşkil olunub. Vəsait Azərbaycanda ədalət mühakiməsinin müxtəlif nəzəri və praktik aspektlərinin araşdırılmasına həsr edilib.
E-huquq.az xəbər verir ki, kitabda ədalət mühakiməsinin mahiyyəti, son dövrlərdə həyata keçirilən məhkəmə-hüquq islahatları, bu sahədə informasiya texnologiyaları, rəqəmsallaşma və süni intellekt sistemlərinin tətbiqi perspektivləri kimi mövzular əhatə olunur. Bundan başqa, ədalətli məhkəmə araşdırması hüququnun ümumi və xüsusi institusional və prosessual təminatları, Azərbaycan Respublikasının məhkəmə sistemi, hakimlərin və məhkəmə prosesinin digər iştirakçılarının hüquqi statusu, eləcə də Məhkəmə-Hüquq Şurasının statusu və fəaliyyət istiqamətləri izah edilir. Kitabdan yalnız tələbələr deyil, həm də hakimlər, vəkillər, hüquq-mühafizə orqanlarının əməkdaşları, tədqiqatçılar və bu sahə ilə maraqlanan digər şəxslər faydalana bilərlər.
Təqdimat mərasimində çıxış edən Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov vurğulayıb ki, ədalət mühakiməsi hər bir hüquqi dövlətin ən mühüm sütunlarından biridir. Dövlətin gücü yalnız onun iqtisadi və siyasi imkanları ilə deyil, eyni zamanda vətəndaşların ədalətə olan inamı ilə ölçülür. Bu inam isə məhz müasir, peşəkar və prinsiplərə əsaslanan məhkəmə sistemi vasitəsilə formalaşır.
K. Mansurov “Ədalət mühakiməsi hüququ” vəsaitinin həm elmi-akademik, həm də praktiki əhəmiyyət daşıdığını diqqətə çatdırıb: “Təqdim olunan dərs vəsaitinin üstün cəhətlərindən biri də odur ki, burada ədalət mühakiməsinin nəzəri əsasları ilə yanaşı, müasir məhkəmə-hüquq islahatları, rəqəmsallaşma və yeni texnologiyaların məhkəmə sistemində tətbiqi kimi aktual məsələlər də geniş şəkildə təhlil olunmuşdur. Bu isə kitabın həm akademik, həm də praktik baxımdan əhəmiyyətini artırır. Əminəm ki, bu dərs vəsaiti hüquq fakültələrinin tələbələri və magistrantları üçün, eləcə də hakimlər və hüquqşünaslar üçün faydalı elmi mənbə olacaq və hüquqi düşüncənin inkişafına mühüm töhfə verəcəkdir”.
Aparat rəhbəri çıxışında həmçinin son illərdə ölkəmizdə məhkəmə sistemində aparılan islahatlara da toxunaraq qeyd edib ki, bu islahatlar ədalət mühakiməsinin daha şəffaf, operativ və səmərəli həyata keçirilməsinə mühüm töhfə vermişdir.
Dərs vəsaitinin həmmüəllifi, Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova bildirib ki, kitab yeddi fəsildən ibarətdir. O, çıxışında hakimiyyət qollarının bir-biri ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərdiyini və bütün hallarda qanunun aliliyinə əməl edilməsinin vacibliyini qeyd edib.
Kitabın müəlliflərindən olan hüquq üzrə fəlsəfə doktoru Fərdin Xəlilov isə vəsaitdə müzakirəyə açıq bəzi məsələlərin də yer aldığını bildirib. Onun sözlərinə görə, kitabda hakimlərin peşə bayramının təsis edilməsi və Məhkəmə-Hüquq Şurasının statusunun Azərbaycan Respublikasının Konstitusiyasında konstitusion səviyyədə təsbit olunması ilə bağlı təkliflər irəli sürülüb.
Digər müəllif Ayxan Rüstəmzadə çıxışında elm və praktik fəaliyyət sahələri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb və qeyd edib ki, ədalət mühakiməsinin möhkəm olduğu dövlətlər daha güclü olur.
Təqdimat tədbiri kitabın məzmunu və əhəmiyyəti ilə bağlı müzakirələrlə davam etdirilib.