- 16:26
Goranboyda arvadını bıçaqlamaqda təqsirləndirilən Xalid Əliyevin (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, 1987-ci il təvəllüdlü X.Əliyev qeyri-rəsmi ər-arvad münasibətində olduğu Çinarə Məmmədovanı (şərti ad-soyad) ondan ayrılmaq istədiyi üçün bıçaqlayıb. Məlumata görə, cütlük 2016-cı ilən birgə yaşasa da, rəsmi nikahları olmayıb. Bu münasibətdən onların iki övladı olub. Son dövrlərdə münasibətləri pisləşdiyi üçün Ç.Məmmədova evi tərk edərək anasının yanına getməyə qərar verib. X.Əliyev ondan getməməsini xahiş edib və barışmaq istədiyini deyib. Lakin Ç.Məmmədova barışmaq istəməyib. X.Əliyev əsəbiləşərək bıçaqla ona zərbələr endirib.
X.Əliyev məhkəmədə ifadəsində bu əməli istəmədən və özündə olmadan etdiyini deyib. O, Çinarə ilə barışdığını və ailəsini yenidən bir araya gətirmək istədiyini bildirib.
Zərəçəkmiş də onunla barışdığını bildirib. Günahı qismən özündə gördüyünü, Xalidi qıcıqlandırmasaydı, belə hadisənin baş verməyəcəyini düşündüyünü deyib. Bildirib ki, Xalid gəldikdən sonra uşaqlarla birlikdə onunla kirayədə yaşayacaqlar.
Məhkəmənin hökmünə əsasən, X.Əliyev 3 il müddətə azadlıqdan məhrum edilib.
Şəbnəm Mehdizadə