Evdə qanunsuz dini yığıncaq keçirən şəxs cərimələndi


  • 13:55

Bakıda evdə qanunsuz dini yığıncaq keçirən şəxs cərimə olunub.

E-huquq.az-ın məlumatına görə, 1980-ci il təvəllüdlü İkram Məmmədov (şərti ad-soyad) barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına) inzibati protokol tərtib olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin nümayəndəsi inzibati xəta haqqında protokolda qeyd edib ki, İ.Məmmədov evində dini yığıncağı qanunla müəyyən edilmiş qaydada keçirməyib: "Belə ki, evə baxış zamanı yaşayış yerində 215 ədəd dini ədəbiyyat aşkar edilib. Çəkilmiş foto-şəkillərdən görünür ki, evdə partalar mövcuddur, yəni dərs keçmək üçün hər bir şərait yaradılıb. Beləliklə, dini ədəbiyyatın məzmunu və yaradılmış şərait sübut edir ki, şəxs tərəfindən qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalara əməl edilmədən dini tədris fəaliyyəti həyata keçirilib".

Prokotol Binəqədi Rayon Məhkəməsinə göndərilib. Göstərilənlərə əsasən həmin şəxs barəsində ciddi təsir tədbirlərinin görülməsi xahiş edilib.

Məhkəmənin qərarına əsasən, İ.Məmmədov 1500 manat cərimə edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər