"Ədyalı alovun üzərinə atıb, yanğın daha da artıb" - 7 körpənin öldüyü yanğınla bağlı MƏHKƏMƏ


  • 15:12

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyeva ifadə verib.

"İlkin versiya odur ki, otaqda xeyli avadanlıqlar olub, onların özündə və ya naqillərdə baş verən qəza nəticəsində yanğın hadisəsi baş verib. Yanğının mənbəyi olan uzaq sol küncə yaxın divarda qaralma divarların digər hissələri ilə müqayisədə daha çox müşahidə olunur. Yanğının bilavasitə baş verdiyi palatada olmuş və sağ qalmış 5 yenidoğulmuşların heç birində "kəskin inhalyasion zəhərlənmə, kəskin tənəffüs çatışmazlığı" diaqnozu müəyyən olunmadığı halda, yanğın olmayan palatalarda 3 yenidoğulmuşun "kəskin inhalyasion zəhərlənmə, kəskin tənəffüs çatışmazlığı" səbəbindən ölməsinə dair ekspert rəyləri həqiqətə uyğun deyil", - deyə o bildirib.

M.Abbasquliyevanın sözlərinə görə, yanğından dərhal sonra,Respublika Perinatal Mərkəzinin 3 həkimi Kliniki Tibbi Mərkəzə müraciət edərək, təxliyə edilmiş pasiyentlərlə bağlı məsləhətlər vermək və müalicəyə yardım göstərmək istəyiblər. Lakin Kliniki Tibbi Mərkəzin rəhbəri buna etiraz edib və yenidoğulmuşların müalicə olunmasına yardım göstərməyə onlara imkan verməyib: "Kliniki Tibbi Mərkəzin həkimləri orada müalicə olunmuş 3 yenidoğulmuşların ölümünün səbəbini dəm qazı ilə zəhərlənmə kimi izah etməklə özlərini məsuliyyətdən azad etməyə cəhd ediblər. Yanğın hadisəsi baş verdikdən sonra Kliniki Tibbi Mərkəzə daxil olmuş və daha sonra ölən 3 yenidoğulmuşlardan 2-si yanğın baş vermiş palata ilə üzbəüz və 1-i həmin otaqla bir cərgədə yerləşən böyük palatada olublar. Yanğın baş verməyən otaqlarda olan yenidoğulmuşların bədəninin üzərində heç bir halda hisə boyanmış qətran ola bilməzdi. Çünki körpələr tam qapalı küvezlərdə olublar. Belə olan halda isə tibbi sənəddə yenidoğulmuşların bədəninin üzərində guya hisə boyanmış qətran hissəciklərinin olması barədə qeydləri Kliniki Tibbi Mərkəzin tibbi personalı məsuliyyətdən boyun qaçırmaq üçün yazıb".

O, Respublika Perinatal Mərkəzinin həkim-neonatoloqlarının da dindirilməsini istəyib: "Bundan başqa, maraqlı hal ondan ibarətdir ki, yanğın zamanı yanğın baş vermiş palatada dəm qazının çox yığıldığı halda səhhəti daha ağır olan və açıq vəziyyətdə AST-də uzanmış dəm qazından zəhərlənmiş bir neçə yenidoğulmuşlar ölmür, lakin dəm qazının dəfələrlə az yığıldığı yanmamış palatalarda və qapalı hermetik küvezlərdə olan yenidoğulmuşlar güya dəm qazından zəhərlənmə nəticəsində ölüb. Buna görə də məhkəmə tərəfindən əlavə məhkəmə-tibbi ekspertizaları təyin olunmalı və Respublika Perinatal Mərkəzinin həkim-neonatoloqları Aysarə Mirzəyeva, Könül Məmmədova, Dilarə Əsgərova, Sədaqət Eminbəyli və Zeynəb Əliyeva şahid qismində dindirilməlidir".

M.Abasquliyeva iddia edib ki, növbə çəkən tibb personalı həm öz vəzifə öhdəliklərini, həm də yanğın təhlükəsizliyi qaydalarını kobud şəkildə pozub: "8 yanvar 2024-cü il tarixinin axşamından yenidoğulmuşların intensiv terapiya blokunda həkim-neonatoloqlar Leyla Abdullayeva və Validə Əliyeva, tibb bacıları Əsmayə Məmmədova və Təranə Əhmədova, habelə sanitar qadınlar Yeganə Əhmədova və Aynurə Əhmədova növbətçiliyə başlayıblar. Buna baxmayaraq, həmin vaxtda bütün blokda yalnız həkim Validə Əliyeva qalıb. O da yenidoğulmuşlara və tibbi cihazlara nəzarət etmək əvəzinə, yanmış palata ilə üzbəüz palatada xəstəlik tarixçələrini doldurmaqla məşğul olub. Növbə çəkən tibb personalı həm öz vəzifə öhdəliklərini, həm də yanğın təhlükəsizliyi qaydalarını kobud şəkildə pozmaları nəticəsində orada yanğın hadisəsi baş verib. Təəccüblü odur ki, Validə Əliyeva üzbəüz palatada oturaraq heç nə hiss etmir. Növbətçi tibb heyəti yanğından mühafizə xidmətinə yanğın barədə xəbər verməyib. Validə Əliyeva nəhayət ki, yanğını görəndə orada, küvezdən körpəni çıxardaraq xilas etmək əvəzinə, yenidoğulmuşu yanan küvezdə qoyaraq, bu zaman mətbəxdə asudə vaxtlarını keçirən digər növbətçiləri çağırmağa qaçıb. Yenidoğulmuşların patologiyası şöbəsinin həkim-neonatoloqu Zibeydə Quliyeva bloka daxil olandan sonra, giriş qapısının yanında dayanmış və baş verənləri yalnız müşahidə etmişdir. Sanitar qadın Yeganə Əhmədova yanan küvezdən körpəni çıxarıb. Validə yanğını söndürmək məqsədi ilə gətirdiyi ədyalı alovun üzərinə atdığı üçün yanğın daha da artıb. Doğum şöbəsinin maması Pərvanə Babayeva isə digər küvezi çıxartmaq üçün dartmağa başlayıb, lakin naqillər cərəyandan ayrılmadığı üçün onu palatadan çıxara bilməyib. Bu halda körpəni küvezdən çıxararaq xilas etmək əvəzinə onu ölümə məhkum edərək dəhlizə çıxıb. Həkim Leyla Abdullayeva yanan palataya daxil olsa da, heç bir körpəni xilas etməyib. Tibb bacısı Əsmayə Məmmədova isə 3 körpə xilas edib. Mama Gülbahar Zülfüqarova da palataya daxil olaraq heç bir körpəni xilas etməyib".

Məhkəmənin növbəti iclası 1 aprel tarixinə təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzi PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Humay Eminqızı

Oxşar xəbərlər