4 nəfərin mopedini oğurlayıb “Tap.az”da satdı


  • 17:11

Xırdalanda moped oğurlamaqda təqsirləndirilən Xəyal Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Abşeron rayon məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə X.Quliyev deyib ki, oğurluq etməsinə səbəb narkotik asılılığının olması və işsizliyi olub. O, pula ehtiyacı olduğu üçün oğurluq əməlinə əl atdığını bildirib. Onun sözlərinə görə, oğurladğı mopedləri “Tap.az” internet saytında elan yerləşdirərək satıb və əldə olunan pulları öz ehtiyacları üçün xərcləyib.

X.Quliyev bildirib ki, zərərçəkən şəxslərin 4 nəfərinin zərərini tam olaraq qaytarıb. O, bu halın nəzərə alınmasını və yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmənin hökmünə əsasən, X.QUliyev Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 1994-ci il təvəllüdlü X.Quliyev Abşeron rayonu, Xırdalan şəhəri, Əvəz Şəfiyev küçəsində park edilmiş vəziyyətdə olan 2200 manat dəyərində “Xroad Sunshine” markalı mopedi oğurlayıb.

Bundan başqa, o, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksində 1000 manat dəyərində moped tipli nəqliyyat vasitəsini oğurluq yolu ilə ələ keçirib.

X.Quliyev, həmçinin tamah niyyətilə Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF Park” yaşayış kompeksinin əsas girişi qarşısında yerləşən “Sofra” restoranına arxa qapıdan qanunsuz daxil olmaqla həmin restoranın kassasının yanındakı rəfdən 1800 manat pulu gizli olaraq talayıb.

Bundan əlavə, o, Abşeron rayonu, Xırdalan şəhəri, V.Axundov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında saxladığı 2000 (iki min) manat dəyərində “Tufan M50” markalı mopedin gizli olaraq talayıb oğurluq edib.

Bundan başqa, X.Quliyev Abşeron rayonu, Xırdalan şəhəri, “Yoncalıq” yaşayış massivində 2250 manat dəyərində “Tufan” markalı “CUB50S” modelli mopedini işə salınmaq üçün olan açar mexanizminə gedən cərəyan naqillərini dartıb qıraraq naqilləri bir-birinə toxundurmaqla işə salıb idarə edərək həmin mopedi və mopedin sandıqçasında olan 300 manat dəyərində “Redmi Note 11” markalı mobil telefonu gizli olaraq talayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər