- 17:11
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırıb üzərinə gül əkməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxsin hüquqi varisi qismində Cəmilə Əliyevanın məhkəmə prosesində iştirak edəcəyi bildirilib.
İclas zamanı dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, ailədaxili münaqişə zəminində Elmira Əliyeva Samir Əliyevi sağ kürək nahiyəsindən güllələyib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmədə ifadə verən Elmira Əliyeva elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib. O, hadisənin qəsdən baş vermədiyini iddia edib: “Əlim qıc oldu, silaha necə dəydi bilmədim, qəsdən olmadı”.
Təqsirləndirilən şəxs bildirib ki, mərhumla uzun müddətdir münasibətləri gərgin olub: “20 il idi evli idik, son 5 ildə münasibətlərimiz çox pis idi. Məni vururdu. Uzun müddətdir aramızda yaxınlıq da olmurdu. Mənə sevdiyi qadının olduğunu demişdi. Mənə müəyyən şeylər elətdirmək istəyirdi, burada deyə bilmirəm. Lakin mən razı olmurdum. Öz istədiklərini mənə etdirmək üçün narkotik maddəni mənə də verirdi. Boşanmaq istəyəndə isə mənə dözməyimi deyirdilər”.
O, hadisə gününü dumanlı xatırladığını qeyd edib: “Qızımı Türkiyəyə yola saldıqdan sonra evə gəlib uzanmışdı. Oyananda onun istədiyini etmədiyim üçün məni döydü və huşumu itirdim. Ayılanda gördüm ki, uzun müddətdir yerdəyəm. Mənə dedi ki, istədiyi şeyləri etməsəm, alnımın ortasından vuracaq. Sonra tüfəngi gətirməyimi dedi. Gedib tüfəngi götürdüm. İçinin dolu olduğunu bilmirdim. Məni ağır söydü. Əlimdəki silahın tətiyinə necə basdığımı bilmədim. Səsindən qulağım tutuldu”.
E.Əliyeva bildirib ki, hadisə zamanı oğlu evdə olub, lakin səsə oyanmayıb: “Silahı yerə atıb çölə çıxdım. Təxminən bir saat sonra evə qayıtdım. Ədyal götürüb onu bükdüm və çölə apardım. Səhərə qədər həyətdə yer qazdım və onu orada basdırdım”.
Onun sözlərinə görə, daha sonra oğlunu götürərək atasının evinə gedib və qayınatasına zəng edərək Samir Əliyevlə aralarında mübahisə olduğunu, onun evdən getdiyini bildirib.
“Dəfələrlə oranı qazıb yoxlamaq istəyirdim ki, baxım oradadır, ya yox. Hadisəni törətdiyim silahı söküb dənizə atmışam. Əynimdə olan geyimi zibilə atmışam, evdəki qan izlərini də təmizləmişəm. 11 ay sonra isə polisə gedərək törətdiyim əməli etiraf etmişəm”, - deyə E.Əliyeva qeyd edib.
Təqsirləndirilən şəxs bildirib ki, hadisədən sonra psixoloji gərginlik yaşayıb: “Səsini eşidirdim, qarabasmalarım olurdu. Elə bilirdim mənə baxır. Onu öldürmək niyyətim olmayıb. Əgər öldürmək istəsəydim, 20 il ərzində edərdim”.
Məhkəmənin növbəti iclası 2 aprel tarixinə təyin edilib.
Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlunun itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.
Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.
Humay Eminqızı