- 16 Mart 17:51
Bu gün Ali Məhkəmədə Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivinlə birgə ittiham olunan Ukraynanın müdafiə sənayesi nazirinin sabiq müavini Konstantin Kuçer barəsində olan qərardan verilən kassasiya şikayəti və kassasiya protesti üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, tərəflərin verdiyi kassasiya şikayəti təmin edilməyib.
Dövlət ittihamçısı isə kassasiya protestini geri götürüb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Konstantin Kuçerə ittiham olunduğu 178.4-cü maddə üzrə bəraət verilib. İttiham olunduğu 221.3-cü maddə üzrə isə qəti olaraq 2 il 6 ay müddətinə həbs cəzası təyin edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Ona Amnistiya aktı şamil olunub və Qaradağ rayon məhkəməsinin qərarı ilə cəzası 6 ay azaldılıb.
Oleq Krapivinə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onunla bağlı AR Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib, 6 ay sınaq müddəti seçilməklə cəzası şərti hesab olunub. Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb. Ona Amnistiya aktı şamil olunub və Xətai rayon məhkəməsinin qərarı ilə şərti cəzadan azad edilib.
Humay Eminqızı