- 11:30
Bu gün Ali Məhkəmədə tanışını öldürməkdə təqsirləndirilən Şəmşad Əhmədov barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, Şəmşad Əhmədov barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə) maddəsi 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib. Ali Məhkəmənin qərarına əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, protest qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm mülki iddianın mənəvi ziyan hissəsində və cəza təyini hissəsində dəyişdirilib. Belə ki, mülki iddianın mənəvi ziyan hissəsi qismən təmin olunub. Təqsirləndirilən şəxsdən 10 000 manat tutularaq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi barədə qərar çıxarılıb. Mülki iddianın mənəvi ziyan hissəsi qalan hissədə rədd edilib. Təqsirləndirilən Şəmşad Əhmədova 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Qeyd edək ki, hadisə 2023-cü ilin yanvarında paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Şəmşad Əhmədov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı tanışı 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova bıçaqla xəsarətlər yetirərək qətlə yetirib.
Humay Eminqızı