- 2 Aprel 20:12
Qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.
O müdafiə etdiyi şəxsin, anlaqlı olub-olmamağı ilə əlaqədar yenidən ekspertiza keçirilməsini məhkəmədən xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
B.İbadov bildirib ki, iş üzrə sübut qismində götürülən bıçağı hərbi hissədən gətirib, amma hərbi bıçaq deyil: “Hərbidə onu konserva açmaq üçün istifadə edirdim, o təhvil veriləsi bıçaq deyildi”.
Vəkil sözügedən bıçağın şəklini nümayiş etdirib.
Çıxışlar mərhələsinə keçilib, dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti iclası 13 aprel tarixinə təyin edildi.
Qeyd edək ki, hadisə noyabrın 5-i saat 01 radələrində Bəşir Səfəroğlu küçəsində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun 1987-ci il təvəllüdlü əmisi Babək İbadov tutulub. Onun əvvəllər məhkum edildiyi və qətli öncədən planlaşdırdığı məlum olub. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) ; 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə); 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda); 228.5 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda)maddələri üzrə cinayət işi açılıb.
"Rüzgar" ləqəbli Yasin İbadovun LGBT nümayəndəsi olduğu bildirilir.
Humay Eminqızı