- 18:25
Cari ilin 31 mart tarixində Niderland Krallığının Maastrixt şəhərində Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) pilot məhkəmələr şəbəkəsinin 19-cu plenar iclası keçirilib.
Məhkəmə-Hüquq Şurasından e-huquq.az-a verilən xəbərə görə, tədbirdə Məhkəmə-Hüquq Şurasının üzvü, Avropa Şurasının pilot məhkəmələr şəbəkəsinə daxil olan Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov iştirak edib.
Tədbirin plenar sessiyasında CEPEJ-in fəaliyyətində pilot məhkəmələrin rolunun, eləcə də təşkilatın 2025-ci ildəki nailiyyətlərinin və 2026-cı il üçün prioritetlərinin müzakirəsi baş tutub, “Ədalət Mühakiməsinin Kristal Tərəzisi” mükafatının təqdimatı edilib.
Sözügedən iclasda həmçinin son qəbul edilmiş CEPEJ alətləri barədə pilot məhkəmələr məlumatlandırılıb, tədbir iştirakçılarının təşkilatın cari fəaliyyətinə dair fikirləri dinlənilib.
İclas çərçivəsində təşkil olunan seminarda Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov Azərbaycanın müasir məhkəmə sisteminin məhkəmə-hüquq islahatları sayəsində dövrün tələblərinə müvafiq surətdə inkişaf etdiyini bildirərək, hakimlərin peşəkarlıq səviyyəsini müəyyən etməyə imkan verən keyfiyyət və kəmiyyət göstəriciləri ilə bağlı yerli qanunvericiliyə edilmiş son dəyişikliklər, Məhkəmə-Hüquq Şurasının yeni təsdiq etdiyi “Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyası”nda əks olunan keyfiyyət meyarları, Azərbaycan məhkəmələrində “Elektron məhkəmə” informasiya sisteminin yeni versiyasının tətbiqi, üstünlükləri və yaxın müddətdə istifadəyə veriləcəyi, habelə süni intellekt və rəqəmsal texnologiyanın məhkəmə işlərində qərəzsizlik, şəffaflıq və məhkəməyə əlçatanlıq baxımından fayda və riskləri barədə məlumat verib.
İclasda ümumilikdə məhkəmə proseslərinin avtomatlaşdırılması, məhkəmələrin fəaliyyətinin ətraf mühitə təsiri, müasir məhkəmə idarəetməsinin əsas aspektləri və təlim metodları, ədalət mühakiməsinin keyfiyyət göstəriciləri, məhkəmədə rəqəmsallaşma və süni intellekt mövzularına dair təcrübə mübadiləsi aparılmışdır. Tədbir pilot məhkəmələr arasında dialoq və əməkdaşlığın qurulmasına, məhkəmə sisteminin səmərəliliyinin artırılmasına dair ən yaxşı təcrübələrin öyrənilməsinə xüsusi töhfə verib.