Kirayədə yaşadığı evdə otaq yoldaşına 16 bıçaq zərbəsi vurdu - MƏHKƏMƏ


  • 12:13

Kirayədə yaşadığı evdə otaq yoldaşını 16 bıçaq zərbəsi ilə öldürməyə cəhd etməkdə təqsirləndirilən İbrahim Əliyevin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

“Zərərçəkmişi əvvəldən tanımırdım. Hadisə baş verən evə kirayə qalmaq üçün getmişdim və hadisə də həmin gün baş verdi. Cəfər Vəliyev otaq yoldaşım idi və məndən əvvəl həmin evdə yaşayırdı. Evə gələndə gördüm ki, onun idman əşyaları mənim yatağımın yanında asılıb. Ondan əşyaları yığışdırmağını xahiş etdim. Bu zaman aramızda mübahisə yarandı. Həmin gün iş yoldaşımla birlikdə evə gəlmişdim. Mübahisədən sonra onu yola saldım və evə qayıtdım. Ev sahibini çağırmaq istəyirdim ki, pulu və şəxsiyyət vəsiqəmi ona təqdim edim. Zərərçəkmiş isə bunu başqa cür başa düşdü. Elə bildi ki, ev sahibinə onunla bağlı şikayət edəcəm. Təxminən iki saat sonra telefonda "TikTok" platformasında videolar izləyirdim. Cəfər məndən səsi azaltmağımı istədi. Səs artıq aşağı olsa da, yenə azaltdım. Buna baxmayaraq, qışqırmağa başladı və mübahisə yenidən alovlandı. Daha sonra mənə fiziki müdaxilə etdi. Mən də onu qorxutmaq məqsədilə siyirtmənin üzərində olan bıçağı götürdüm. Boyun nahiyəsindən 2-3 dəfə zərbə endirmişəm. Bir gün sonra isə polisə təslim oldum”, - deyə o bildirib.

Təqsirləndirilən əlavə edib ki, bıçağı zərərçəkmişə ciddi xəsarət yetirməmək üçün kəsən hissəsindən tutub.

Məhkəmədə məlum olub ki, İbrahim Əliyev əvvəllər də bıçaqla xəsarət yetirmə faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə məhkum olunub.

Dövlət ittihamçısı təqsirləndirilənə müraciətlə bildirib: “Bu mübahisəni sözlə həll etmək mümkün deyildimi? Ekspertiza rəyində 16 kəsilmiş-deşilmiş yara qeyd olunub. Məqsədiniz öldürmək idimi?”

İ.Əliyev isə cavabında zərərçəkmişin fiziki cəhətdən ondan üstün olduğunu qeyd edib: “Şok vəziyyətində idim. Elə buna görə də bir gün sonra gedib təslim oldum”.

Prokuror isə onun bu ifadəsinə etiraz edərək bildirib: “Siz buna öyrəşmisiniz. Şok vəziyyətində deyildiniz”.

Məhkəmədə həmçinin məlum olub ki, istintaq dövründə tərəflər arasında barışıq əldə edilib və təqsirləndirilən törətdiyi əməldən peşman olduğunu bildirib.

Zərərçəkmiş Cəfər Vəliyev ifadəsində mübahisənin səbəblərini təqsirləndirilən şəxsin dedikləri ilə eyni şəkildə izah edib və ilk olaraq özü fiziki müdaxilə etdiyini etiraf edib: “Yadımdadır ki, içəri kimsə girdi, sonra o qaçdı. Mənə bıçaqla xəsarət yetirdiyini əvvəl hiss etməmişdim. Sonradan köynəyimə baxanda bunu gördüm. Şikayətim yoxdur, barışıq əldə olunub. Öz üzərimdə təxminən 3 bıçaq izi görmüşəm, 16 zərbə olduğunu isə indi eşidirəm”.

Qeyd edək ki, İbrahim Əliyev otaq yoldaşı Cəfər Vəliyevə aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri endirib. Faktla bağlı ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 ,120-ci maddələri ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər