Kredit götürməyə kömək etmək adı ilə oğurluq etdi


  • 13:56

Ucarda 33 yaşlı kişi onlayn kredit götürməyə kömək etmək adı ilə iki nəfərin pulunu oğurlayıb.

E-huquq.az-ın məlumatına görə, 1993-cü il təvəllüdlü Rüfət Əliyev (soyad şərtidir) Ucar şəhəri, Oğuz küçəsində Zemfira adlı şəxslə görüşüb. O, ona bank olmayan kredit təşkilatından (BOKT) 500 manat məbləğində kredit alması üçün köməklik göstərdiyini bildirərək onu aldadıb. Bu məqsədlə, internet resurslarından istifadə edərək, Zemfiraya aid zəruri məlumatlarla onlayn müraciət təqdim edilib və Zemfira BOKT-da qeydiyyatdan keçərək kredit alıb. Kreditin 50 manatı komissiya xərci kimi tutulduqdan sonra qalan 450 manat Zemfiranın xəbəri və icazəsi olmadan R.Əliyev tərəfindən gizli şəkildə öz istifadə etdiyi bank hesabına köçürülüb.

Eyni niyyəti ilə, R.Əliyev Pünhan adlı şəxslə görüşüb. O, Pünhanı da BOKT-dan 150 manat məbləğində kredit almasına inandıraraq, onlayn müraciət etmək üçün aldadıb. Pünhan da həmin krediti alıb, amma R.Əliyev, Pünhanın xəbəri və icazəsi olmadan, kredit məbləğini, informasiya texnologiyalarından istifadə edərək öz hesabına köçürüb.

R.Əliyev bu hərəkətlərinə görə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ittiham olunub.

Ucar Rayon Məhkəməsinin hökmü ilə R.Əliyev 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər