- 18:33
Saatlıda ticarət mərkəzində xuliqanlıq etməkdə təqsirləndirilən Sərxan Qədirovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Saatlı Rayon Məhkəməsində hakim Vüqar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S.Qədirov Cinayət Məcəlləsini 221.1-ci maddəsi ilə təqsirli bilinib və ona 9 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, təqsirləndirilən şəxs boşanma ərəfəsində olduğu həyat yoldaşı Aynurənin Saatlı şəhəri, H. Əliyev prospekti 190 ünvanında yerləşən “Bol market” ticarət mərkəzində işlədiyini güman edərək həmin məkana gedib. O, ticarət mərkəzinə daxil olduqdan sonra Aynurəni görüb, ona yaxınlaşaraq boşanmaq istəmədiyini bildirib və onun özündən xəbərsiz işləməsini bəhanə edərək münaqişə yaradıb.
Bundan sonra təqsirləndirilən şəxs xuliqanlıq hərəkətlərini davam etdirərək kənar şəxslərin yanında Aynurənin qolundan və paltarından tutub ona qarşı fiziki zor tətbiq edib, bıçaqla öldürməklə hədələyib. O, zərərçəkmişə yumruqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Şəbnəm Mehdizadə