"Azərşəkər" MMC-nin sabiq rəhbərinin məhkəməsi keçirildi


  • 18:33

Külli miqdarda mənimsəmədə təqsirləndirilən "Azərşəkər" MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, onunla birgə ittiham olununan Əvəz Süleymanov və Ruslan Ələsgərovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ə.Süleymanov ifadə verib.

O, ifadəsində bildirib ki, "Azərşəkər"də Texniki və Texnoloji İşlər üzrə direktor müavini və digər vəzifələrdə çalışıb. Heç bir layihədə mənimsəmə etməyib: "Mən sadəcə texniki qiymətləndirmədə iştirak edirdim. Layihəyə nə qədər məbləğ ayrıldığını iş başlayandan sonra bilirdim. Torpağı çox yaxşı tanıyıram, əraziləri bilirəm. Bəzən də layihələrə nəzarət edirdim. Pul işlərinə maliyyə şöbəsi baxırdı. İşimin 60-70%-i rayonlarda keçirdi. Məni maliyyə işləri maraqlandırmırdı. Bu işə niyə məni cəlb etdiklərini bilmirəm, sadəcə texniki problemlərin həllinə kömək etmişəm. Əmək haqqımdan əlavə heç bir pul almamışam".

Sualları cavablandıran təqsirləndirən şəxs bildirib ki, onun Anar Mehdiyevlə yalnız texniki işlərlə bağlı söhbətləri ola bilərdi. Çünki onun işləri xərcləri süni şəkildə artırılmasına heç bir təsiri ola bilməzdi.

O, hakimlərin suallarını cavablandırarkən bildirib ki, Ruslan Əsgərovdan pul alıb: "Mən iki dəfə Ruslan bəylə görüşüb ondan ümumilikdə 65 min manat pul almışam. Bunu səhhətimlə əlaqədar almışam".

R. Əsgərov isə deyib: "Əvəz bəy komandası ilə birgə ofisimdə olub. Mən ona işin düzgün aparılması, yaxşı əlaqə qurulması üçün vermişəm. Gələcək işlərdə yarana biləcək nöqsanları xoşluqla həll edə bilək deyə vermişəm".

Daha sonra əlavə edib ki, Ə.Süleymanovun onkoloji xəstə olduğunu eşidib.

Məhkəmənin növbəti iclası 14 may tarixinə təyin edilib.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 800 min manat məbləğində vəsaiti mənimsəyiblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (Vəzifə saxtakarlığı), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Onların barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər ibtidai istintaq müddətində vurulan ziyanı tam ödəyiblər.
Zərərçəkmiş qismində “Azərşəkər” MMC və “Dastan Agro” şirkəti tanınır.

Anar Mehdiyev 2024-cü ilə qədər “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri olub. O, həmçinin “Dastan Agro” MMC-nin təmsilçisidir.

Humay Eminqızı

Oxşar xəbərlər