- 16:41
Abşeronda kişi keçmiş arvadını ona cadu etməkdə ittiham edərək döyüb.
E-huquq.az-ın məlumatına görə, 1965-ci il təvəllüdlü Qədir Xəlilov (şərti ad-soyad) keçmiş həyat yoldaşı Dilbər Osmanovaya (şərti ad-soyad) xəsarət yetirib.
Cinayət işi üzrə keçirilən məhkəmə prosesində Q.Xəlilov bildirib ki, 2011-ci ildə Dilbər ilə ailə həyatı qurub və bu nikahdan iki övladı olub. 2016-cı ilin yay aylarında rəsmi qaydada boşanıblar. Birgə yaşadıqları evin alışı isə nigah dövründə baş verdiyindən məhkəmənin qərarı ilə eyni ünvanda yaşamağa davam ediblər. 29 yanvar 2026-cı ildə saat 22 radələrində evdə olarkən Dilbər falçılıqla məşğul olan şəxslərdən bəhs edib, bununla bağlı ona qarşı bir "əməl" etdiyini bildirib. Bu, aralarında mübahisə yaranmasına səbəb olub. Q.Xəlilov əsəbiləşərək Dilbərin üzərinə gedib və bir neçə dəfə əli ilə onun baş nahiyəsinə vurub. Dilbər huşunu itirdikdən sonra Q.Xəlilov onun sifət nahiyəsinə su vuraraq ayılmasına kömək edib. Ardınca, Dilbər DİN-in "102" Xidmətinə zəng edərək hadisə barədə məlumat verib.
Zərərçəkmiş məhkəmədə verdiyi ifadəsində, Q.Xəlilovun ona böhtan ataraq "əməl" etdiyini iddia etdiyini, bunun da aralarındakı mübahisəni daha da gərginləşdirdiyini bildirib. O, keçmiş ərindən şikayətçi olduğunu bildirib və barəsində qanunla müəyyən edilən cəzanın tətbiq edilməsini məhkəmədən xahiş edib.
Abşeron Rayon Məhkəməsi Q.Xəlilovu Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilib və ona 8 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edib.
Şəbnəm Mehdizaəd