- 16:41
İşə düzəltmək adı ilə dələduzluq etməkdə ittiham olunan şəxs cinayət məsuliyyətindən azad olunub.
E-huquq.az-ın məlumatına görə, 1988-ci il təvəllüdlü Famil Orucov (şərti ad-soyad) tanışını neft şirkətinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 500 dollar pulunu elə keçirib.
Belə ki, F.Orucov Lalə adlı şəxs ilə 2024-cü ilin fevral ayında təsadüfən yolda tanış olub. Lalə işdən çıxdığını və iş axtardığını bildirib. Famil Həmin vaxt Laləyə neft şirkətində tanışının olduğunu deyərək onu işə düzəldə biləcəyini bildirib və ona görə də 1000 manat pul lazım olduğunu deyib. Sonradan Lalə 500 ABŞ dollarını və şəxsiyyət vəsiqəsini təqdim edərək həmin məbləğə gücünün çatdığını deyib. F.Orucov həmin pulu götürüb şəxsi istifadəsi üçün xərcləyib. Sonradan Lalənin şəxsiyyət vəsiqəsini qaytarıb. Zərəçəkmişin səs-küy saldığını görüb onu sakitləşdirmək üçün cibində olan 100 dolları Laləyə verib. 400 ABŞ dollarını da sonradan verəcəyini bildirib. Zərəçəkmiş şəxs bir həftə sonra həmin əskinasın etibarsız olmasını aşkar edib Abşeron RPİ-nə müraciət edib.
Məhkəmə baxışı zamanı F.Orucovun Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilib.
Lakin Abşeron Rayon Məhkəməsinin qərarına əsasən, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci maddəsi tətbiq edilməklə F.Orucov cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Şəbnəm Mehdizadə