- 16:41
Bakıda tanışının evindən oğurluq etməkdə təqsirləndirlən Tural Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
E-huquq.az-ın məlumatına görə, Binəqədi Rayon məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.
Hökmə əsasən, T.Həsənova Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 186.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. CM-in 70-ci maddəsinə əsasən ona təyin olunmuş cəza 3 il sınaq müddəti olmaqla şərti hesab edilib.
İttihama görə, T.Həsənov tanışının mənzilinin giriş qapısını əvvəlcədən əldə etdiyi açarla açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan pul və qızıl-zinyət əşyalarını gizli yolla talamaqla 18.923,16 manat məbləğində oğurluq edib. Daha sonra cinayətkar niyyətini davam etdirərək törətdiyi əməlin aşkar olunmaması məqsədi ilə daxil olduğu həmin mənzilin yataq otağında olan dolabın daxilinə və döşəmənin üzərini alışdırma vasitəsi ilə yandırıb. Zərərçəkmişin 7.984,9 manat məbləğində əmlakını qəsdən məhv edib.
Məhkəmədə ifadəsində təqsirləndirilən şəxs deyib ki, maddi çətinliyi olduğu üçün Əlinin evindən oğurluq etmək qərarına gəlib. Bu səbəbdən də Əlinin idarə etdiyi avtomaşından onun yaşadığı evin açarını götürüb metronun 20 yanvar metrostansiyasının yaxınlığında həmin açarın üzünü çıxarıb. O, Əlinin yaşadığı evə gəlib və saat 14 radələrində qapını döyüb evdə heç kimin olmadığından əmin olduqdan sonra açarla qapını açıb evə daxil olaraq pul və qızıl-zinyət əşyalarını götürüb. Daha sonra o, izi itirmək üçün üzərində olan alışqanla salfetka yandırıb otağa atıb. Sonra evdən çıxıb qapını bağlayaraq oradan uzaqlaşıb. Səhəri gün oğurladığı pulun bir hissəsi ilə özünün və həyat yoldaşının adına olan kredit borclarını ödəyib, qalan pulu isə gündəlik olaraq maddi ehtiyacları üçün xərcləyib.
O, əlavə olaraq ifadəsində göstərib ki, mənzildən əşyaları götürdükdən sonra barmaq izlərinin qalmasının qarşısını almaq məqsədilə həmin əşyaları yandıraraq hadisə yerindən uzaqlaşmaq istəyib Lakin binadan aşağı mərtəbəyə düşərkən etdiyi hərəkətdən peşman olub, yanğının daha ağır nəticələrə səbəb ola biləcəyini anlayaraq dərhal ilk qarşısına çıxan və binanın inzibati işçisi olduğunu zənn etdiyi şəxsə həmin mənzilin eyvanından tüstü çıxdığı barədə məlumat verib, bununla yanğının qarşısının alınmasına çalışıb.
Şəbnəm Mehdizadə