Ali Məhkəmədən "Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərlə bağlı QƏRAR


  • 12:36

Bu gün Ali Məhkəmədə talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər - Aynur Bayramova və Aysel Məmmədova barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Qərara əsasən, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb, zərərçəkmiş şəxslərin verdiyi kassasiya şikayəti təmin edilməyib.

Xatırlaqdaq ki, Bakı Ağır Cinayət Məhkəməsinin hökmünə əsasən, Nuridə Seyidova 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay, Aysel Məmmədova 6 il 6 ay, Aynur Bayramova isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Zərərçəkən Aysel Abdullayeva və Kamil Əhmədovun şikayətləri isə qismən təmin olunub. Məhkəmə Aysel Abdullayevaya dəymiş mənəvi ziyana görə 1000 manat, Kamil Əhmədova isə 800 manat məbləğində vəsait ödənilməsi ilə bağlı qərar verib.

Qeyd edək ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Məhkəmənin gedişində isə Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər