"AGNA" müştəriyə vurduğu 1 milyon zərəri ödəmək istəmir


  • 14:56

"AGNA" qurutəmizləmə şirkəti müştərinin 1 milyon rubldan çox dəyəri olan geyimini yararsız vəziyyətə salıb.

E-huquq.az-ın məlumatına görə, müştəri bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

O, şirkətə qarşı qaldırdığı iddia tələbində bildirib ki, 15.01.2025-ci ildə kimyəvi təmizləmə xidmətlərini həyata keçirən cavabdeh "AGNA" MMC-yə müraciət edərək, xalis ipək parçasından hazırlanmış və 1.085.000.00 Rusiya rublu (iddia verilən günə olan məzənnə ilə 21.244,69 AZN) qiyməti olan ziyafət paltarının kimyəvi təmizlənməsi üçün təhvil verib və buna görə cavabdehə 35,10 manat ödəniş edib. Lakin "AGNA" tərəfindən edilmiş kimyəvi təmizləmədən sonra ziyafət paltarı yararsız vəziyyətə düşüb. Belə ki, onun istifadə edilməsi və yaxud bərpa edilməsi mümkün deyil.

Müştəri paltarın bu vəziyyətə düşməsinin səbəbini aydınlaşdırmaq üçün ekspertizaya müraciət edib. Ekspertiza rəyində göstərilib ki, paltarın hazırkı görünüşü (parıltının itməsi, qırışlar, deformasiya və yuyucu vasitə qoxusu) onun peşəkar quru təmizləmə əvəzinə, peşəkar olmayan nəm (yaş) təmizləmə üsulu ilə təmizlənməsi nəticəsində yaranıb. Bu üsul paltarın etiketində göstərilmiş təlimatlara ziddir, paltarın üzərindəki markalanma məlumatlarına əsasən, yalnız tetrakloretlendə quru təmizləmə icazə verilir, lakin aparılmış araşdırmalar göstərir ki, paltar yaş təmizləmə ilə yuyulub. Bu isə markalanma tələblərinə uyğun deyil. Ekspertiza nəticələrinə əsasən müəyyən olunub ki, paltar yaş təmizləməyə məruz qalıb, bu, parçadakı deformasiya, parıltının itməsi və yuyucu vasitənin qoxusu ilə sübut olunur. Quru təmizləmə zamanı bu dəyişikliklər müşahidə olunmur.

Müştəri iddia tələbində qeyd edib ki, "AGNA" MMC-nin hərəkətləri nəticəsində 1.085.000.00 Rusiya rublu (iddia verilən günə olan məzənnə ilə 21.244,69 AZN) həcmində maddi ziyan dəyib və həmin ziyan ona cavabdeh tərəfindən ödənilməlidir.

Nəsimi Rayon Məhkəməsi iddianı təmin edib. Belə ki, məhkəmə qərarına əsasən, şirkət 1 085 000 Rusiya rublu məbləğində (ödəniş günü qüvvədə olan manata məzənnədə Azərbaycan Respublikası manatı ilə) kompensasiya ödəməli olacaq. Qərarda, həmçinin qeyd olunnub ki, ekspertiza xərcləri və dövlət rüsumu da şirkət tərəfindən ödənilməlidir.

Qərardan narazı qalan "AGNA" MMC apellyasiya şikayəti verib. Şikayətə yaxın vaxtlarda Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Humay Eminqızı

Oxşar xəbərlər